“Qəbələ” klubu fransalı yarımmüdafiəçini transfer edib

Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən “Qəbələ” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“Qırmızı-qaralar” qış transfer dövründə fransalı yarımmüdafiəçi Abdelrafik Jerarın keçidini rəsmiləşdiriblər. İyirmi yeddi yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1,5 illik qüvvədə olan müqavilə imzalanıb.

Peşəkar karyerasına “Paris Sen-Jermen” klubunda başlayan A.Jerar Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, “Kretey” (2015-2016) və “Lans” (2016-2018) klublarında çıxış edib. O, 2018-2019-cu illərdə Belçikanın “Union Sent Jiluaz” klubunun formasını geyinib.

“Qəbələ” qış transfer dönəmində daha əvvəl Ehtiram Şahverdiyevi heyətinə qatıb.


Xəbər 716 dəfə oxundu.