Bakıda basketbol üzrə NBA Azərbaycan Yeniyetmələr Liqasının təqdimatı keçirilib
Yanvarın 29-da Amerika Milli Basketbol Assosiasiyasının (NBA) və Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə Azərbaycanda 12-14 yaşlı məktəbli oğlanlar və qızların mübarizə aparacağı NBA Azərbaycan Yeniyetmələr Liqasının təqdimatı olub.

Tədbirdə əvvəlcə əfsanəvi basketbolçu Kobe Brayantın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov vurğulayıb: “Şübhəsizdir ki, bütün dünyada ən tanınmış idman növlərindən olan, milyonlarla fanat ordusunu özünə cəlb etməyi bacaran NBA Liqası Azərbaycan Basketbol Federasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu müqavilə Azərbaycan idmanı üçün önəmli hadisələrdən biridir. Artıq bu yarışma Azərbaycandadır. Bu, bizi çox sevindirir. Bu ad altında bizim də oğlan və qızlarımız çıxış edəcəklər. Ölkəmizdə dövlətimizin idmana diqqət və qayğısı nəticəsində Azərbaycan idmanı gündən-günə inkişaf edir. Bir çox idman növlərində uğurlar əldə etmişik. Təkcə Olimpiya növlərində deyil, ötən il ərzində idmançılarımız qeyri-Olimpiya növlərində də bir çox nailiyyətlər əldə edib. Bu gün Azərbaycanda mövcud olan maddi-texniki idman bazası bizə buna imkan verir ki, ölkəmizdə basketbol idman növü də inkişaf etsin. Bu mənada, ölkədə olan bütün idman komplekslərinin qapıları basketbola açıq olacaq. Gələcəkdəki fəaliyyəti üçün Azərbaycan Basketbol Federasiyasına uğurlar arzulayıram”.

Daha sonra çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu addım gələcəkdə Azərbaycan məktəblərinin hər birində basketbol komandalarının yaranmasına səbəb olacaq. Nazir müavini deyib ki, hazırda şagirdlər arasında basketbola maraq əsasən paytaxt məktəblərindədir. Amma yeniyetmələr liqasının yaradılması sayəsində yaxın bir il ərzində regionlarda da bu idman növünün kütləviləşməsinin artacağını qeyd edən F.Qurbanov bir daha bu işdə əməyi keçən hər bir şəxsə öz təşəkkürünü bildirib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə futbol, atletika, tennis və basketbol kimi dünyaca məşhur idman növlərinin Azərbaycanda da inkişafının vacibliyini söyləyib: “Hazırda ölkəmizdə basketbolun inkişafına fürsət yaranıb. Hər birimiz öz bacardığımız qədər bu işə dəstək verməliyik ki, Azərbaycanda ən azı 30 yaxşı basketbolçu yetişsin. Milli Olimpiya Komitəsi də bu layihəni həyata keçirmək üçün dəstək olacaq. Mən inanıram ki, ən qısa zamanda bu layihənin müsbət nəticələrinin şahidi olacağıq”.

Tədbirin fəxri qonağı - NBA-nın Avropa, Afrika və Yaxın Şərq ölkələri üzrə vitse-prezidenti Xesus Bueno Paskual Azərbaycanda basketbolun inkişafı üçün lazımi maddi-texniki bazanın olduğunu deyib. Qonaq səfərdə məqsədin basketbolu inkişaf etdirməkdən ibarət olduğunu bildirib: “Bu liqa NBA liqasının təqlidini nəzərdə tutur. Əsas məqsəd basketbol oyunlarına aşılanan münasibətdir. İstərdik ki, uşaqlar bir-biri ilə sağlam rəqabət aparsınlar. Onların vaxtında istirahət etmələrinə, yarışmalarına və sağlam həyat keçirmələrinə çalışacağıq. Artıq Azərbaycanda layihənin təməlini qoymuşuq. Gələcəkdə daha yüksək səviyyədə layihələr həyata keçirməyi planlaşdırırıq. Bu il oğlanlar və qızlar qarışıq komandalarda oynayacaqlar. Növbəti ildən isə ola bilsin, qızlar və oğlanlar ayrı-ayrı komandalarda çıxış etsinlər. Bu, təbii ki, Azərbaycan Basketbol Federasiyasının qərarından asılı olacaq”.

Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov isə bildirib ki, Jr.MBA liqasına seçim Azərbaycan birinciliklərinə qatılan məktəblərdən başlayacaq. Orada ən güclülər müəyyənləşəcək və yarışda iştirak hüququ qazanacaqlar. Federasiya prezidenti vurğulayıb: “3 il əvvəl Gürcüstanda bu liqa yarananda cəmi 37 komanda var idi. Bu gün isə say 300-ə çatır. Azərbaycanda da belə olacağına ümid edirik. Proqramın fəlsəfəsinə əsasən, ilk ildə oğlan və qız komandaları ayrı da, hər ikisi eyni kollektivdə də ola bilər. Maliyyə məsələlərində Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi hər zaman dəstək olurlar. Yarış təşkilatçıları da bu dəfə bəzi köməklikləri edəcəklərinə söz veriblər. Layihənin qalibi Avropa və dünya çempionatlarında Azərbaycanı təmsil edə bilər. Bu layihə ilkin olaraq, 4 il davam edəcək”.

Qeyd edək ki, belə bir qlobal layihənin əsas məqsədi yeniyetmələrin basketbola cəlb edilməsinin daha peşəkar səviyyəyə çatdırılmasıdır. Layihə çərçivəsində 75 ölkədə 51,5 milyondan çox yeniyetmə liqa oyunları, məktəbdaxili planlaşdırma, seminarlar, bacarıq müsabiqələri və digər təbliğat xarakterli tədbirlər həyata keçirilir. Jr.NBA Azərbaycan Liqası ölkə üzrə məktəb şagirdlərinin bu liqada iştirak edən oğlan və qızlardan təşkil edilmiş komandalar, NBA-da çıxış edən 30 komandanı təmsil edərək, NBA klublarının adlarını daşıyacaq və həmin klubların formasında çıxış edəcəklər. Onlar 2 konfrans və 6 divizionda mübarizə aparacaqlar.

NBA-nın Avropa, Afrika və Yaxın Şərq ölkələri üzrə vitse-prezidenti cənab Jesus Bueno Pascual, Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri Lee Litzenberger və Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov iştirak ediblər.

Xəbər 6353 dəfə oxundu.