Bakıda AFFA-nın növbəti konfransı keçirilib
Yanvarın 28-də Bakıda AFFA-nın növbəti konfransı keçirilib.

Konfransda AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov, idman ictimaiyyətinin nümayəndələri, UEFA-nın və FIFA-nın əməkdaşları iştirak ediblər.

Əvvəlcə ölkə futbolundan bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edən A.Rəhimov idmana dövlət qayğısını xüsusi vurğulayaraq, futbolun hamı tərəfindən sevildiyini və ötən il UEFA Avropa Liqasının final matçının Bakıda yüksək səviyyədə keçirildiyini deyib. Nazir bildirib ki, bu il də Azərbaycan idmanı üçün əlamətdar olacaq. Ölkəmiz futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyununa ev sahibliyi edəcək. Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

A.Rəhimov AFFA-nın ölkədə futbolun kütləviliyinin təmin olunması istiqamətində gördüyü işləri xüsusi qeyd edərək, nazirliyin də bu işdə əlindən gələn dəstəyi verdiyini söyləyib.

Hesabat dövrünün beynəlxalq tədbirlərin təşkili baxımından əlamətdar olduğunu deyən AFFA-nın prezidenti R.Abdullayev mötəbər yarışlara fəal dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. UEFA Avropa Liqasının finalını izləmək üçün xaricdən 38 min nəfərin gəldiyini deyən AFFA prezidenti bu qarşılaşmanın son on ilin ən yaxşı final matçı kimi dəyərləndirildiyini diqqətə çatdırıb.

AFFA prezidenti deyib: “Şamaxıda yeni stadion tikiləcək. Artıq layihə də hazırdır və bu il işlərə başlanılacaq. Eyni zamanda, Gəncədə idman kompleksinin inşası nəzərdə tutulur. Sumqayıt şəhər stadionu yenidən qurulub. Hakimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində mühüm işlər görülür. Artıq ədalət təmsilçilərimiz digər ölkələrin çempionatlarının oyunlarını idarə edirlər”.

UEFA-nın milli assosiasiyaların inkişafı departamentinin rəisi Terri Favre və FIFA-nın üzv assosiasiyaları şöbəsinin Avropa regionu üzrə direktoru Emili Şav ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

AFFA-nın könüllülərlə iş üzrə meneceri Yusif Vəliyev bu sahədə görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edib. O, ilk dəfə 2009-cu ildə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Uels yığmaları arasında oyunda 150, ötənilki Avropa Liqasının final matçında 3020 könüllünün xidmətindən istifadə olunduğunu söyləyib. Y.Vəliyev finaldakı iştirak sayının FIFA və UEFA tərəfindən rekord kimi qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, “Avro-2020”nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar 6797 könüllü qeydiyyatdan keçib.

Daha sonra ötənilki fəaliyyətə dair hesabat məruzəsi dinlənilib və seçkilər keçirilib.

R.Abdullayev uzunmüddətli əməkdaşlığa görə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardini mükafatlandırıb.

Sonra AFFA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib. Rövnəq Abdullayev növbəti dəfə dörd il müddətinə AFFA-nın prezidenti seçilib. O, 2008-ci ildən AFFA-nın prezidentidir. AFFA prezidentliyinə seçkilər dörd ildən bir keçirilir.

Həmçinin konfransda qurumun İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. Səsvermə nəticəsində İsgəndər Cavadov, Kazbek Tuayev, Elxan Məmmədov, Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Fərid Mansurov, Firudin Qurbanov, Mahir Məmmədov, Elmar Məmmədyarov və Könül Mehdiyeva İcraiyyə Komitəsinə üzv seçiliblər.

Xəbər 6454 dəfə oxundu.