Azərbaycan komandası İsveçrədə qar polosu üzrə dünya kuboku turnirinə qələbə ilə başlayıb
İsveçrənin Sankt-Moritz şəhərində keçirilən ənənəvi qar polosu üzrə dünya kuboku turniri davam edir.

Heydər Əliyev Fondunun dəstəyi, ARAF-ın təşkilatçılığı ilə turnirdə ölkəmizi təmsil edən “Land of Fire” komandası avropalı tamaşaçılara polonun Vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsunkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı, güclü idmançılar diyarı olmasını nümayiş etdirir.

Yanvarın 24-də ilk oyun günündə Azərbaycan idmançıları “Badrutt’s Palace Hotel” komandası ilə qarşılaşıblar. Otuz altı illik tarixə malik qar üstündə dünya kubokunun 1985-ci ildən etibarən daimi iştirakçılarından olan, güclü heyətə malik “Badrutt’s Palace Hotel” komandası idmançılarımızın müqavimətini dəf edə bilməyib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən, dramatik anları və emosional epizodları ilə yadda qalan oyunda idmançılarımız rəqiblərini 8:4 hesabı ilə məğlub ediblər. Baş məşqçisi Namiq Orucovun komandasının kapitanı Elçin Camallı qarşılaşmada xüsusilə fərqlənib. Digər oyunçular – Rəşad Həsənov, Əli Rzayev, Pato Bolanteiro, Aqustin Kronhaus, Santiaqo Marambio də qələbənin əldə olunmasına mühüm töhfə veriblər.

Günün digər qarşılaşmasında “St. Moritz” komandası 6:31/2 hesabı ilə “Mazetati” komandasına qalib gəlib.

Bu gün ikinci oyunda “St. Moritz” komandası ilə qarşılaşacaq komandamız bu görüşdə də qalib gələrsə birbaşa finala yüksələcək.

AZƏRTAC

Xəbər 1063 dəfə oxundu.