Rusiya mətbuatı: Natalyada lider olmaq üçün hər şey var
Rusiya mətbuatı Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın “Omiçka”ya keçidini qiymətləndirib. İdman.com.az saytının məlumatına görə, championat.com portalı 28 yaşlı voleybolçunun keçidini uğurlu transfer sayır.

Həmkarımızın fikrincə, Natalyada əsl bombardirlik keyfiyyətləri cəmləşib: “Məmmədova futbol, yaxud hokkey oynasaydı, onu əsl qoleador adlandırardılar. Onun hesabında məhsuldarlığa görə bir neçə rekord var. Onlardan bəziləri indiyədək qırılmayıb. Məsələn, Natalya 2005-ci ildə “Azərreyl”in heyətində Çempionlar Liqasının oyunlarının birində 47 xal toplayıb. Bundan 1 il sonra Azərbaycan yığmasının heyətində Qran-pridə 36 xal toplamaqla fərqləndi. Bu nailiyyət də indiyə kimi təkrarlanmayıb”.

Millimizin əsas “vuran əli”nin Omsk təmsilçisinə gəlişinədək karyerasına da nəzər salınıb: “Onun “Omiçka” ilə müqavilə bağlaması 3-cü dəfə Rusiyada olmasına imkan yaratdı. Natalya bunadək Moskva ətrafının “Zareçye” və Krasnodarın “Dinamo” klubunda oynamağa imkan tapıb. O, sonuncularla Rusiya çempionatının bürünc mükafatçısı olub. Məmmədovanın hesabında İsveçrə, Türkiyə və Azərbaycan çempionatlarının qızıl medalları var. Hücumçu “Rabitə”nin heyətində klublararası dünya çempionatının qalibi olub. Natalyada Omsk komandasının lideri və Rusiya Superliqasının ən parlaq voleybolçularından biri olmaq üçün hər şey var”.

Qeyd edək ki, yazıda son mövsümü “Azərreyl”də keçirən və Kazan “Dinamo”suna transfer olunan ABŞ millisinin blokçusu Hizer Erin Bruna da toxunulub. 33 yaşlı voleybolçunun təcrübəsinin böyük və sakit təbiətə malik olmağının Rusiya klubunda işinə yarıyacağı bildirilib.

Xəbər 1182 dəfə oxundu.