Madeleyne Montano “Rabitə”də
“Rabitə” bu gün yeni voleybolçunun təqdimat mərasimi keçirib. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, son Azərbaycan və dünya çempionun təqdim etdiyi oyunçu Kolumbiya yığmasının üzvü Madeleyne Montanodur.

1983-cü il təvəllüdlü voleybolçu son 3 mövsümü Koreyanın “Daejeon” klubunda keçirib. 186 sm boya malik Madeleyne xal sayına görə dünya rekordçusudur.

2011-ci ilin dekabrında öz rekordunu yeniləyərək (53), bir oyunda nə az, nə çox - 54 xal toplayıb (effektliyi 65 faizdir). Koreya çempionu olan voleybolçu orada oynadığı illərdə ən yaxşı hücumçu və ən dəyərli oyunçu nominasiyasında da birinci olub.

Argentinanın “San Fernando de Katamurka” (1998-1999), Yunanıstanın “Aris” (2004-2006) və “İraklis” (2008-2009) klublarında oynayaraq, bu ölkələrin çempionatında da adından söz etdirən rekordçu İtaliya, Yaponiya, Braziliya və Türkiyədən dəvətlər alsa da, sonda seçimini dünya çempionlarının xeyrinə edib.

“İraklis”lə Yunanıstan kubokunu başı üzərinə qaldıran Madeleyne, həmçinin yığması ilə çıxış etdiyi yarışlarda ən yaxşı hücumçu, ən yaxşı topu oyuna qəbul edən və ən dəyərli voleybolçu olub və tələbələrin yarışında qitələrinin çempionu adını qazanıb.

Xəbər 1246 dəfə oxundu.