Astarada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate turniri keçirilib
Astara rayonunun Rüdəkənar kənd ümumi orta məktəbində Astara rayon Gənclər və İdman İdarəsinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq 20 yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında kyokuşin karate döyüş növü üzrə açıq rayon turniri keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev yarışın məqsədinin 1990-cı il 20 yanvar faciənin 30 illiyinin qeyd olunması, Azərbaycanın Respublikasının azadlığı və müstəqilliyi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsinin yad edilməsi, gənclər arasında dövlətçıilik ruhunun, vətənpərvərlik tərbiyəsinin təbliği və tərənnüm edilməsi, idmançılarımızın fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi və bu idman növünün kütləviliyinin inkişaf etdirilməsi olduğunu bildirib.

Daha sonra çıxış edən Azərbaycan Kyokuşin Karate Federasiyasının yeniyetmələrdən ibarət yığma komandasının məşqçisi Əli Ağalarov, Astara rayon Rüdəkənar kənd ümumi orta məktəbinin direktoru Rəvanə Baxşiyeva ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, Azərbaycan dövlətçiliyinin tarixi günlərinin qeyd edilməsinin gənclərin dövlətçilik məfkurəsinin yüksəldilməsində vətənpərvərlik tərbiyəsindəki önəmindən bəhs ediblər və idmançılara uğurlar arzulayıblar.

Yarışda Astara rayon, Masallı rayon və Bakı şəhərinin “Atilla” klubu komandalarını təmsil edən 60 idmançı fəxri yerlər uğrunda mübarizə aparıblar.

Qalib idmançılar müxtəlif dərəcəli diplom və medallarla mükafatlandırılıblar.


Xəbər 957 dəfə oxundu.