Yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinin ilk gününün qalibləri müəyyənləşib
Yanvarın 17-də Respublika Olimpiya Mərkəzində 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında keçirilən atletika üzrə Bakı birinciliyinin ilk gününün qalibləri müəyyənləşib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən yarışda atletlər qaçış, tullanma və atma növlərində qüvvələrini sınayırlar.

İki gün davam edəcək çempionatda paytaxtın 10 komandasından 100-ə yaxın atlet birincilik uğrunda mübarizə aparır.

Yarışın birinci günündə oğlanlar arasında hündürlüyə tullanma yarışında Yusif Abdullayev, nüvəitələmədə Şakir Azakov qalib adını qazanıblar. Qızların yarışında hündürlüyə tullanmada Ləman Məmmədova, nüvəitələmədə isə Səkinə Hacızadə birinci yerə layiq görülüblər.

Oğlanlar arasında qaçış yarışlarında Murad Babazadə (60 m) və Səid Səfərli (600 m) birinci olublar. Qızların mübarizəsində isə Mələk Tağızadə (60 m) və Tutuxanım İsrafilova (600 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.


Xəbər 946 dəfə oxundu.