Azərbaycan ilk dəfə aerobika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək
Azərbaycan Gimnastika Federasiyasının (AGF) 2020-ci ildə təşkil edəcəyi ən irimiqyaslı yarış aerobika gimnastikası üzrə dünya çempionatı olacaq.

Azsport.az AGF-yə istinadla xəbər verir ki, ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi yarış mayın 14-16-da keçiriləcək.

Azərbaycanda son dövrlərdə inkişaf etdirilən bu növ üzrə Avropa çempionatı isə ilk dəfə olaraq ötən il təşkil edilib.
Aerobika gimnastikası üzrə Avropa çempionatına uğurla ev sahibliyi etmiş Milli Gimnastika Arenası artıq bu dəfə dünya çempionatı zamanı gimnastikanın ən dinamik növünün nümayəndələri üçün öz qapılarını açmağa hazırlaşır.

Yarışın ilkin siyahısına əsasən çempionatda 33 ölkədən 453 gimnastın mübarizə aparacağı gözlənilir. İştirakçıların adlarının açıqlanacağı siyahı isə yarışdan bir ay əvvəl dərc olunacaq.

Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Xəbər 683 dəfə oxundu.