Lənkəranda “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” devizi ilə şahmat turniri keçirilib
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində məktəblilər arasında “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” devizi ilə şahmat turniri keçirilib.

Turnirin keçirilməsində məqsəd məktəblilərdə vətənpərvərlik və milli qəhrəmanlıq ruhunun aşılanması, sağlam həyat tərzinin, əzmkarlığın təbliğ edilməsidir.

Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirin açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Lənkəran Şahmat Məktəbinin müəllimləri Siruz Həsənli və Hikmət Şükürov 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycanda törədilən qanlı hadisələrdən danışıblar.

Mərkəzin direktoru R.Sadıxova turniri ulu öndər Heydər Əliyevin sözləri ilə açıb: “Mən fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz”.

Yarışın yekun nəticələrinə əsasən, Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin şagirdi Gülsənəm Ağayeva I, şəhər 6 nömrəli məktəb-liseyin şagirdi İbrahim Bağırov II, şəhər 7 nömrəli tam orta məktəbin şagirdi İlkin Dadaşov III yerə layiq görülüblər.

Qaliblər fəxri-fərman və diplomlarla mükafatlandırılıb.

Xəbər 662 dəfə oxundu.