Yunan-Roma güləşçilərimiz Fransa Qran-Prisində güclərini sınayacaqlar
Yanvarın 18-19-da Fransanın Nitsa şəhərində Olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri turniri keçiriləcək.

Ənənəvi yarışın proqramına əsasən, ilk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Qran-Pridə ölkəmizi yunan-Roma güləşi üzrə yığmamız təmsil edəcək. Yanvarın 2-dən Rusiyanın Saransk şəhərində təlim-məşq toplanışı keçən millimiz yanvarın 16-da Rusiyadan Fransaya yollanacaq.

Nitsada baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (hər ikisi 72 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kq) qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyacaq.


Xəbər 711 dəfə oxundu.