Müşfiq İsayevin xatirə turnirində 5 ölkədən sərbəst güləşçilər mübarizə aparacaqlar
Yanvarın 15-də 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə sərbəst güləş üzrə turnir keçiriləcək.

Bakı İdman Sarayında baş tutacaq yarışda 2003-2004-cü il təvəllüdlü yeniyetmə güləşçilər mübarizə aparacaq. 23-cü dəfə təşkil olunacaq ənənəvi turnirdə pəhləvanlarımızla yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistan təmsilçiləri də qüvvələrini sınayacaqlar.

Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə reallaşacaq Memorialın keçirilməsində məqsəd Müşfiq İsayevin xatirəsini yad etməklə yanaşı, yeniyetmələr arasında sərbəst güləşin inkişafına və kütləviliyə nail olmaq, ölkədə güləşin bu növü üzrə perspektivli idmançıları aşkar etməkdən ibarətdir.

Qeyd edək ki, yanvarın 14-də Bakı İdman Sarayında hakimlərin və məşqçilərin seminarı baş tutacaq. Bundan sonra isə püşkatma mərasimi keçiriləcək.

Xəbər 699 dəfə oxundu.