Atletika üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Respublika Olimpiya Mərkəzində keçirilən atletika üzrə Bakı çempionatının qalibləri müəyyənləşib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən yarışda atletlər qaçış, tullanma və atma növlərində qüvvələrini sınayıblar.

Çempionatda paytaxtın 10 komandasından 100-ə yaxın atlet birincilik uğrunda mübarizə aparıb.

Yarışın ikinci günündə oğlanlar arasında uzunluğa tullanma yarışında Yadulla İbrahimov və nüvəitələmədə isə İsmayıl Əliyev qalib adını qazanıblar. Qızların yarışında isə uzunluğa tullanmada Yelena Pextireva, nüvəitələmədə isə Günel Hüseynova birinci yerə layiq görülüblər.

Oğlanlar arasında qaçış yarışlarında Teymur Salahzadə (200 m), Mahmud Mehdiyev (800 m) və İlham Abışov (3000 m) birinci olublar. Qızların mübarizəsində isə Lamiyə Vəliyeva (200 m), Aynur Əsədzadə (800 m) və Anna Yusupova (3000 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblər federasiya və Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.

Bu yarışlar yanvarın 24-25-də keçiriləcək atletika üzrə Azərbaycan çempionatına hazırlıq xarakteri daşıyıb.

Xəbər 975 dəfə oxundu.