Fuad Cəfərovun xatirəsinə həsr edilən şahmat memorialı başa çatıb
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr edilən memorial başa çatıb.

Memorial çərçivəsində blits, rapid, uşaq turnirləri, eləcə də A (qrossmeyster və beynəlxalq usta) və B (Open) qruplarında oyunlar keçirilib.

Ümumi nəticələrə görə, blits yarışında 12,5 xalla İran, A qrupunda 17,5 xalla “Sofiya” komandaları qalib olublar. Yeddi turdan ibarət olan Open turniri yerli şahmatçı Şahin Hüseynovun (6 xal) qələbəsi ilə nəticələnib.

Uşaq turnirində isə 12 yaşlılar arasında Azərbaycan şahmatçıları Tunar Davudov oğlanlar (7 xal), Ayan Hüseynli qızlar (5 xal), 9 yaşlılarda Murad Xəlilzadə oğlanlar (6 xal), Dinarə Hüseynova qızlar (4 xal) arasında qalib olublar.

Turnirin sonuncu günü keçirilən rapid yarışının qalibi 7 turdan 6 xal toplayan Əhməd Əhmədzadə olub. Memorialda Azərbaycan ilə yanaşı, İran, Rusiya, Birləşmiş Ərəb Əmirliklərindən 250 şahmatçı mübarizə aparıb.

Turnirin əsas təşkilatçısı, yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim İlqar Bacarani olub.

Xəbər 675 dəfə oxundu.