Futzal üzrə Azərbaycan millisinin üzvü karyerasını İspaniyada davam etdirəcək
Futzal üzrə Azərbaycan milli komandasının üzvü özünə yeni komanda tapıb. Söhbət Rafael Vileladan gedir.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, hücumçu karyerasını İspaniyanın “Palma” komandasında davam etdirəcək. Onunla mövsümün sonunadək müqavilə imzalanacaq.

“Palma” komandası cari İspaniya çempionatında 16 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb. Komanda liderdən 6, ikinci və üçüncü pillədə yer alan rəqiblərindən isə müvafiq olaraq 3 və 2 xal geri qalır.

Qeyd edək ki, Rafael Vilela 2017-ci ildə İranın İsfahan şəhərində təşkil olunmuş beynəlxalq turnirdə millimizin heyətində çıxış edib. O, Rusiya, Qazaxıstan və İranla matçların hər birində 1 dəfə fərqlənməklə yanaşı, göstərdiyi keyfiyyətli oyunla diqqəti cəlb edib.

Bundan başqa, Vilela Azərbaycan çempionatının Yüksək Liqasının 2017/2018-ci il mövsümünün tən yarısını “Araz”ın heyətində keçirib, o vaxtkı adı ilə UEFA kubokunda iştirak edib.


Xəbər 663 dəfə oxundu.