Beysbol-5 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının proqramına əlavə olunub
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən iclasında beysbol-5 idman növünün 2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının proqramına salınması barədə qərar qəbul edilib.

Beysbol-5 ilk idman növüdür ki, bu növdə oğlanlardan və qızlardan ibarət (4 nəfər) qarışıq komandalar çıxış edəcəklər.

İclasda Oyunların keçiriləcəyi vaxt dəyişdirilib. Yarışların payız aylarında təşkili barədə təklif nəzərdən keçirilib və Oyunların oktyabrın 22-dən noyabrın 9-dək keçirilməsi qərara alınıb.
Xatırladaq ki, 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Xəbər 647 dəfə oxundu.