“Murov” voleybol komandası Azərbaycan Yüksək Liqa yarışlarında ilk qələbəsini qazanıb
Yanvarın 10-da kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqa yarışlarında birinci dövrənin növbəti oyunu keçirilib.

MOİK komandası “Murov”la qarşılaşıb. Azərbaycan Voleybol Mərkəzində baş tutan görüşdə ilk hissə 26:24 hesabı ilə “Murov” komandasının xeyrinə başa çatıb. İlk hissədəki gərgin idman mübarizəsindən sonra Eldar Əliyevin yetirmələri ikinci setdə 25:23 hesabı ilə qalib gələrək, hesabı bərabərləşdiriblər - 1:1.

Üçüncü hissə də “hərbçilər”in üstünlüyü ilə sona çatıb və MOİK 26:24 hesabı ilə qalib gəlib. Növbəti setdə oyununda dönüş yaradan “Murov” 25:20 hesabı ilə status-kvonu bərpa edib - 2:2. Nəticədə görüşün taleyinə tay-brekdə aydınlıq gəlib. Bu dəfə daha səhvsiz oynayan “Murov” 15:10 hesabı ilə qalib gəlib. Beləliklə, görüş “Murov”un 3:2 hesablı üstünlüyü ilə başa çatıb.
Məğlub olan “MOİK” isə aktivinə 1 xal əlavə etməklə, turnir cədvəlində liderliyə yüksəlib. Bu da rəqiblərlə müqayisədə onların iki matç keçirməsi ilə bağlıdır.

Qeyd edək ki, bu oyunadək “Neftçi” “Murov”a, “MOİK” isə “Azərreyl”ə 3:0 hesabı ilə qalib gəlib.

Xəbər 1128 dəfə oxundu.