Fuad Cəfərov memorialının A və B qruplarının qalibləri müəyyənləşib
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr edilən memorial çərçivəsində A (qrossmeyster və beynəlxalq usta) və B (Open) qruplarında sonuncu turun oyunları keçirilib.

A qrupunda aktivində 17,5 xal olan “Sofiya” komandası birinci yeri tutub. “Qarabağ” və “İnter” komandaları sonrakı yerlərdə qərarlaşıblar. Yeddi turdan sonra maksimum xal toplayan Tunar Davudov isə B qrupu üzrə keçirilən turnirin qalibi olub. Ondan 1 xal geri qalan Murad Xəlilzadə və Əhməd Hüseynov ikinci və üçüncü yerləri tutublar.

Yanvarın 11-də memorialın rapid yarışları keçiriləcək.

Qeyd edək ki, yarış çərçivəsində artıq blits və uşaq turnirləri ötən gün başa çatıb. Blits turnirində ümumi nəticələrə görə birinci yeri İran komandası tutub (12,5 xal). Uşaq turnirində isə 12 yaşlılar arasında Azərbaycan şahmatçıları Tunar Davudov oğlanlar (7 xal), Ayan Hüseynli qızlar (5 xal), 9 yaşlılarda Murad Xəlilzadə oğlanlar (6 xal), Dinarə Hüseynova qızlar (4 xal) arasında qalib olublar. Memorialda Azərbaycanla yanaşı, İran, Rusiya, Birləşmiş Ərəb Əmirliklərindən 100-dən çox şahmatçı mübarizə aparır.

Xatirə turnirinə yanvarın 11-də yekun vurulacaq.

Xəbər 663 dəfə oxundu.