Serbiya prezidentinin oğlu «Qəbələ»də görülən işlərdən razı qaldı
«Burada olmağımızda «Qəbələ»nin keçmiş futbolçusu Milan Antiçin böyük rolu var. O, bizə Azərbaycan haqqında məlumat verdi. Qəbələyə gələndə buranın necə gözəl məkan, futbola yüksək səviyyədə diqqət göstərildiyini əyani şahidi oldum».

Bunu idman.com.az saytına açıqlamasında Serbiyanın 15 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Branislav Nikoliç dedi. Onun sözünə görə, ölkəsində də gözəl bazalar var. Amma «Qəbələ»də görülən işin yarısı olduğunu nəzərə alsaq, gələcəkdə burada da tayı-bərabəri olmayan idman qurğularının olacağını söyləmək olar.

Gənc çalışdırıcı əlavə etdi ki, o, finalda «Qalatasaray»la qarşılaşmağı arzu edib: «Qrup mərhələsində «Qalatasaray»la oynamamışıq. İstəyirdim ki, onlarla da gücümüzü yoxlayım. Finalda İstanbul klubu ilə görüşəcəyimiz yerinə düşdü».

Branislav Nikoliç siyasətlə bağlı suala cavab verməkdən yayındı. O dedi ki, nə vaxt Azərbaycana siyasi şərhçi kimi dəvət olunsa, onda bununla bağlı danışa bilər. Qeyd edək ki, bu gənc mütəxəssis Serbiyanın yeni prezidenti Tomislav Nikoliçin oğludur.

KAMRAN

Xəbər 1008 dəfə oxundu.