Tokiodakı Atletlər kəndi rahatlığı və gözəl mənzərəsi ilə diqqəti cəlb edir
Tokio Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək idmançılar və onları müşayiət edən şəxslər üçün nəzərdə tutulan və yanvarın 9-da ictimaiyyətə təqdim edilən Atletlər kəndi Tokio körfəzinin sahillərində yerləşir.

Ümumi ərazisi təqribən 44 hektar olan Atletlər kəndi rahatlığı və gözəl mənzərəsi ilə diqqəti cəlb edir. Belə ki, Atletlər kəndi üç tərəfdən körfəz suları ilə əhatə olunub və burada yerləşən binaların eyvanları dənizə doğru açılır. Kəndin mərkəzində yerləşən nəqliyyat mərkəzi idmançıların yarış yerlərinə və geriyə hərəkətinə mühüm dəstək verəcək.

Atletlər kəndinin üstün xüsusiyyətləri barədə məlumat verən direktor Takaşi Kitacima bildirib ki, şəhərcik demək olar Tokionun mərkəzində, Odayba, Haneda, Şinaqava və Qinza rayonlarının yaxınlığında yerləşir. İdmançılar çox geniş məkanda yaradılmış rahatlıqdan zövq alacaqlar.

Qeyd edilib ki, kəndin ərazisində 14 və 18 mərtəbəli 21 yaşayış binası yerləşir. Binalarda Olimpiya Oyunları zamanı 18 min idmançının və personalın, Paralimpiya Oyunları zamanı isə 8 min nəfərin yaşaması planlaşdırılır. Bütün otaqlar yataq dəsti, şkaf və stollarla təmin olunsa da, soyuducu və televizorlar ayrıca ödəniş müqabilində icarəyə veriləcək. Camaşırxanadan istifadə isə pulsuz olacaq.

Otaqlarda mətbəx avadanlığı nəzərdə tutulmadığına görə, kənddə yerləşən ikimərtəbəli restoran sutka ərzində fasiləsiz fəaliyyət göstərəcək. İdmançılar, həmçinin burada poliklinika, məşq zalı və yeməkxanadan istifadə edə biləcəklər.

Yaşayış ərazisində yollar araba ilə hərəkət edən paralimpiyaçaların rahat hərəkəti üçün çox geniş layihələndirilib.

Kənd qapılarını idmançılar üçün rəsmi olaraq Oyunların rəsmi açılış mərasiminə 10 gün qalmış iyulun 14-dən açacaq və avqustun 9-da rəsmi bağlanışdan sonra üç gün ərzində fəaliyyətini davam etdirəcək. Paralimpiyaçılar üçün isə kəndin avqustun 18-dən sentyabrın 9-dək fəaliyyət göstərəcəyi bildirilir.

Kəndə daxil olan mənzillər yarışlardan sonra təmir edilərək icarəyə veriləcək.

Tokio ilə yanaşı, yelkənli qayıq və velosiped idman növləri üzrə yarışların keçiriləcəyi Kanaqava prefekturasının Oyşo şəhərində və Şizuoka prefekturasının İzu şəhərində idmançılar üçün müvafiq məntəqələrin yaradılması da nəzərdə tutulur.

AZƏRTAC

Xəbər 935 dəfə oxundu.