Andrey Kraytor fərqləndi
Rusiyanın paytaxtında keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun III mərhələsi davam edir. İdman.com.az saytının məlumatına görə, yarışa 4 kanoçi və 5 kayakçı ilə qatılan Azərbaycan milli komandası ilk medalını qazanıb.

Yığmamızın heyətində Andrey Kraytor fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dünya Kubokunun I mərhələsinin də qalibi olan təmsilçimiz 200 metr məsafəyə 1-nəfərlik qayıqla yürüşdə finiş xəttinə 39,827 saniyəyə çataraq, bütün rəqiblərini qabaqlayıb və qızıl medala sahib çıxıb.

Gümüş medal Yevgeni Şuklinə (Litva), bürünc medal isə Aleksandr Kostoqloda (Rusiya) qismət olub. Bu növdə yığmamızın digər üzvü Valentin Demyanenko isə yarışı 4-cü pillədə başa vurub (41,251 saniyə).

Qeyd edək ki, Kraytor və Demyanenko 500 metr məsafəyə yürüşdə finala yüksəliblər. Bu gün saat 15:40-da baş tutacaq həlledici yürüşdə onların rəqibləri Donqjin Şin (Koreya), Sebastian Henniq (Almaniya), İlya Ştokalov (Rusiya), Leonid Tılş (Rusiya), Yan Vandrey (Almaniya), Pavel Rusu (Moldova) və Ruslan Muratov (Qazaxıstan) olacaq.

Xəbər 1395 dəfə oxundu.