Yevlax idmançıları 2019-cu ildə beynəlxalq, respublika və zona yarışlarında 59 medal qazanıblar
Ötən il Yevlax rayonunun idman həyatı üçün uğurlu olub.

Yevlax rayonunda ağır atletika, yunan-Roma və sərbəst güləş, taekvondo, cüdo, şahmat, futbol, sambo idman növləri tədris olunaraq fəaliyyət göstərir. Rayonun yeniyetmə və gəncləri 2 idman kompleksi, 91 idman qurğusu, “Karvan” futbol idman klubu, 2 üzgüçülük hovuzu, 5000 nəfərlik futbol meydançası, 6 mini futbol meydançası və 5 trenajor zalından istifadə edirlər. O cümlədən rayonun kəndlərində 1 idman kompleksi, 33 stadion, 61 idman qurğusu, 1 üzgüçülük hovuzu və 1 atıcılıq mərkəzi fəaliyyət göstərir.

Rayon idmançıları 2019-cu ildə beynəlxalq yarışlarda 9, respublika yarışlarında 13, zona yarışlarında isə 37 medal qazanıblar. Cüdo idman növü üzrə İsmayıl Nəsibov Bakı Beynəlxalq Təhsil kubokunda 50 kiloqram çəki dərəcəsində ikinci yerə, Nihad İsgəndərli Dağıstanda keçirilən cüdo idman növü üzrə IV Beynəlxalq turnirdə 66 kiloqram çəki dərəcəsində birinci yerə layiq görülüb. Aslan Mirzəyev isə cüdo idman növü üzrə 100 kiloqram çəki dərəcəsində kişilər arasında Azərbaycan çempionatının qalibi olub. Mədinə Məhərrəmova taekvondo idman növü üzrə 59 kiloqram çəki dərəcəsində gənclər arasında keçirilən ölkə çempionatında üçüncü yeri qazanıb. Məhəmməd Yusifli zona birinciliyində yunan-Roma güləşi üzrə 65 kiloqram çəki dərəcəsində, Rəşid Cəfərli isə sərbəst güləş üzrə isə 80 kiloqram çəki dərəcəsində yarışın qalibi olub.

Xəbər 732 dəfə oxundu.