Yelkənçilərimiz Türkiyədə keçirilən yarışı qələbə ilə başa vurublar
Dörd ölkənin 14 yelkən klubundan 156 peşəkar yelkənçinin iştirak etdiyi, Türkiyə Yelkənli İdman Federasiyasının, Bodrum Bələdiyyəsinin ev sahibliyi ilə keçirilən yarış Azərbaycan yelkənçiləri üçün qələbə ilə sona çatıb.

Azərbaycan, Türkiyə, Rusiya və Ukrayna yelkənçilərinin iştirakı ilə “Optimist” və “Laser 4.7”, “Laser Radial” sinifləri üzrə 3 gün ərzində 8 yarış keçirilib. Yüksək dərəcə əldə etmək məqsədilə fədakarlıq nümayiş etdirən yelkənçilər qələbə uğrunda fəal mübarizə aparıblar.

Yarışda Azərbaycanı Yelkənli İdman Federasiyasının heyət rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, məşqçi Anton Vilyayev, yelkənçilər Ayla Babayeva, Murad İsmayıl, İsmayıl Kərimov, Səxavət Əzimov, Fidan Ağazadə, Timur Sikaçevskiy, Murad Allahverdi, Murad Hacızadə, Bahadır Məmmədli təmsil ediblər. Yarışlarda yüksək nəticə əldə edən Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri "Laser 4.7" sinfi üzrə ilk medallarını qazanıblar.

Ayla Babayeva "Laser 4.7" sinfi üzrə qadınlar qrupunda 1-ci yerə, Murad İsmayıl "Laser 4.7" sinfi üzrə kiçik yaş qrupunda 2-ci yerə, İsmayıl Kərimov isə "Laser 4.7" sinfi üzrə ümumi nəticədə 4-cü yerə layiq görülüb.


Xəbər 806 dəfə oxundu.