Tofiq Musayev: MMA üzrə dünya çempionatında Azərbaycanı uğurla təmsil etməyimdən qürur duyuram
MMA üzrə dünya çempionatında Azərbaycanı uğurla təmsil etməyimdən qürur duyuram.

Bunu Yaponiyada keçirilən və MMA üzrə ən nüfuzlu turnirlərdən olan “Rizin Gran Prix 2019”un qalibi olan Tofiq Musayev yanvarın 7-də təşkil olunan mətbuat konfransında deyib.

Tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, T.Musayevin məşqçisi Ruslan Əfəndiyev, idmançılar və mətbuat nümayəndələri iştirak ediblər.

İ.İsmayılov idmançımızı qazandığı uğur münasibətilə təbrik edərək bu qələbənin ölkəmizdə idmanın inkişafının daha bir göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda təkcə Olimpiya idman növlərinin deyil, qeyri-Olimpiya idman növlərinin də inkişafına xüsusi diqqət ayrılır. O, bildirib ki, T.Musayev dekabrın 31-də Yaponiyada qələbə qazanmaqla Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında xalqımızı öz uğuru ilə təbrik etdi.

Qazandığı uğurların ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısı sayəsində mümkün olduğunu vurğulayan T.Musayev ali diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Bu qələbəsinin bütün Azərbaycan xalqının uğuru olduğunu qeyd edən idmançı deyib: “Sevinirəm ki, zəhmətimiz yerdə qalmadı. Azərbaycan bayrağının daim zirvələrdə dalğalanacağına inanıram. Həmin yarışda ölkəmi təmsil etdiyim üçün məsuliyyətim çox böyük idi. Bu qələbəmdə ən böyük pay sahiblərindən biri də məşqçim Ruslan Əfəndiyevdir. Məhz onun sayəsində mən bu gün dünya çempionu adını qazanmışam”.

Revanş qarşılaşması ilə bağlı hələ ki hər hansı təklifin olmadığını deyən T.Musayev belə bir təklifə hazır olduğunu söyləyib.

Həmyerlimiz oktyabrın 12-də Yaponiyada avstraliyalı rəqibi Damien Braun ilə qarşılaşmada cəmi altı dəqiqəyə qalib gəlib. Daha sonra amerikalı Conni Keys ilə üz-üzə gələn idmançımız rəqibini vaxtından əvvəl məğlubiyyətə uğradıb. Finalda braziliyalı Patrik Freire ilə görüşdə T.Musayev hakimlərin yekdil qərarına əsasən hər üç raundda rəqibindən üstün olaraq dünya çempionu adına layiq görülüb.

Xəbər 760 dəfə oxundu.