Tərtər idmançıları 2019-cu ildə 67 medal qazanıblar
2019-cu il Tərtər rayonunun idman həyatında uğurlu il olub.

Tərtər rayonunda futbol, voleybol, şahmat, boks, sərbəst güləş idman növləri fəaliyyət göstərir. Rayonun uşaq, yeniyetmə və gəncləri 100 idman qurğusundan, kəndlərdə yerləşən 35 futbol meydançasından, Tərtər şəhəri ərazisində 5 mini futbol meydançasından, 1 trenajor zalından istifadə edirlər. Rayonda Olimpiya İdman Kompleksinin tikintisi başa çatdırılıb və tezliklə istifadəyə veriləcəkdir.

2019-cu ildə tərtərli idmançılar beynəlxalq, respublika və zona yarışlarında, eləcədə açıq birinciliklərdə yüksək nəticələr qazanıb, 67 ədəd medal və diploma layiq görülüblər. Medalların 2-si beynəlxalq yarışda, 10-u Azərbaycan çempionatı və birinciliyində, 55-i isə zona birinciliyi və açıq birinciliklərdə qazanılıb.

Rayonun gənc idmançısı boks üzrə dördqat Azərbaycan çempionu, gənclər üzrə yığma komandanın kapitanı Murad Allahverdiyev Bolqarıstanın Sofiya şəhərində keçirilən Avropa çempionatında III yerə layiq görülüb. Murad Allahverdiyev bu səfər çərçivəsində Bolqarıstandan medalla geri dönən yeganə idmançımız olub.

Boks üzrə gənclərin Azərbaycan çempionatında Murad Allahverdiyev birinci, yeniyetmələrin Azərbaycan çempionatında isə Rəvan Quliyev ikinci yeri, Hüseyn İsazadə və Təbriz Nərimanov isə üçüncü yeri qazanıblar.

Məktəblilərin Respublika birinciliyində Rəvan Hüseynzadə ikinci yeri, Elnur Abdullazadə isə birinci yeri tutaraq eyni zamanda yarışın ən texnikalı idmançısı seçilib. Boks idman növü üzrə Bakı birinciliyində Ayxan Məmmədli birinci, İrfan Xəlilli və Aydın Xanlarov ikinci yeri tutub.

Rayonun sərbəst güləşçiləri də respublikanın müxtəlif regionlarında keçirilən yarışlarda yüksək nəticələr əldə ediblər. Belə ki, güləşçilər açıq birinciliklərdə və zona yarışlarında ümumilikdə 32 medal qazanıblar.

AZƏRTAC


Xəbər 723 dəfə oxundu.