Azərbaycanın voleybol üzrə qadınlardan ibarət millisi təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb
Olimpiya lisenziya turnirinə hazırlığı davam etdirən Azərbaycanın voleybol üzrə qadınlardan ibarət milli komandası Bakıdakı təlim-məşq toplanışını başa vuraraq Türkiyəyə yola düşüb.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, millimiz Vasif Talıbovun baş məşqçiliyi ilə hazırlığın növbəti mərhələsini Türkiyə və Polşada keçəcək.

Yığmamız qonşu ölkədə yoxlama matçında da qüvvəsini sınayacaq. Voleybolçularımızın rəqibi “Fənərbaxça” və “Türk Hava Yolları” klubları olacaq. Bundan sonra Polşaya yollanacaq milli oradakı hazırlıq çərçivəsində yerli yığma ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya Təsnifat Turniri gələn il yanvarın 7-12-də Niderlandın Apeldorn şəhərində keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstan ilə qarşılaşacaq yığmamız sonuncu matçda Polşa ilə üz-üzə gələcək. Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Olimpiadaya lisenziya qazanacaq.

Xəbər 705 dəfə oxundu.