“Lozanna 2020” Olimpiadasının proqramına yeni idman növü daxil ediləcək
“Lozanna 2020” Yeniyetmələrin Qış Olimpiadasının proqramında yeni idman növü daxil ediləcək. Bu, dağ xizəkçiliyinin skimo növüdür. Bu Oyunlarında idmançılar skimo üzrə fərdi (kişilər və qadınlar), sprint (kişilər və qadınlar) və qarışıq yarışlarda qüvvələrini sınayacaqlar.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb.

Skimo alpinizmin bəzi cəhətlərini özündə birləşdirir. Bu növdə idmançılar həm yuxarı, həm də aşağı doğru hərəkət edir, buzlu zirvələri fəth etməli olurlar. Burada nəfəs, sürət və çeviklik, bir sözlə, böyük fiziki qüvvə tələb olunur. İdmançılar bəzən yarış zamanı 1900 metr yüksəkliyə qalxmalı olurlar ki, bunun öhdəsindən gəlməyi hər xizəkçi bacarmır.

İsveçrəli Martin Marti Qrindelvald kurort şəhərciyində, Eyger dağlarının ətəyində yaşayır. Onun xizəksürmə idman növünə olan marağı da məhz burdan yaranıb.

İsveçrəli idmançı olympic.org saytına müsahibəsində bildirib: “Dağ kəndində böyüyürsənsə, həmişə dağlara bağlı olursan. Mən dağlarsız yaşaya bilmərəm. Bircə gün şəhərə getsəm, çox darıxır və geri qayıtmaq istəyirəm. Skimo çox çətin idman növüdür. Çünki dağlarda həqiqətən güclü və bacarıqlı olmalısan”.

Dünya çempionu Martin Marti “Lozanna 2020” Qış Olimpiadasında dağ xizəkçiliyinin skimo növündə qüvvəsini sınayacaq. Bu növdə 48 idmançı Villar-sür-Ollon dağlarında medallar uğunda yarışacaq.

Xatırladaq ki, Yeniyetmələrin III Qış Olimpiya Oyunları 2020-ci ilin yanvarında İsveçrənin Lozanna şəhərində keçiriləcək.

Xəbər 809 dəfə oxundu.