FHN-in İdman-Sağlamlıq Klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (İSK) ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, il ərzində fərqlənən, mükafat qazanan struktur bölmələrinin rəhbərliyi və beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən dünya, Avropa çempionatları və turnirlərdə yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan FHN-in İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev 2019-cu ildə nazirliyin əməkdaşlarının idman sahəsində qazandıqları uğurlardan danışıb.

Sonra FHN-in İdman-Sağlamlıq klubunun fəaliyyətini əks etdirən film nümayiş olunub.

Nazir müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə çıxış edərək klubun fəaliyyətini yüksək qiymətləndirib, kollektivə, idmançı-əməkdaşlara yeni nailiyyətlər arzulayıb.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək İdman-sağlamlıq klubunun kollektivini il ərzində qazandıqları nailiyyətlərə görə təbrik ediblər.

Sonda 2019-cu ilin idman yekunlarına əsasən fəxri yerləri tutmuş qurumlar İSK-nın təsis etdiyi müvafiq dərəcəli diplom və kuboklarla, beynəlxalq miqyaslı yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin nazirliyin müvafiq struktur rəhbərliyinə qazanılan yüksək nəticələrə və idmançılara göstərdikləri dəstəyə görə fəxri fərmanlar təqdim edilib. Tədbirdə, həmçinin mətbuat nümayəndələri də FHN-in il ərzində keçirdiyi idman yarışlarının işıqlandırılmasında göstərdikləri peşəkarlıq və xidmətlərinə görə təltif olunublar.

Xəbər 743 dəfə oxundu.