İngiltərədə təhsil alan azərbaycanlı gənc boks üzrə “Şəhər kuboku” yarışlarının qalibi olub
İngiltərənin Kembric Ebbi Kollecində təhsil alan 16 yaşlı Cavid Abdullayev boks üzrə “Şəhər kuboku” yarışlarının qalibi olub.

Cavid Abdullayev müsahibəsində bildirib ki, hələ Bakıda olarkən “Fight Club”da universal döyüş növü ilə məşğul olub, müxtəlif yarışlarda iştirak edib, uğurlu nəticələr qazanıb. Onun idmana marağından və yüksək hazırlığından xəbərdar olan Kollecin rəhbərliyi həmyerlimizə İngiltərədə çox populyar olan boks üzrə “Şəhər kuboku” yarışlarında qüvvəsini sınamağı tövsiyə edib. Hər il xeyriyyə məqsədilə keçirilən bu yarışların təşkilatçısı 1990-cı illərdə Londonda əsası qoyulmuş “Ağ Yaxalıqlıların Dünya Boks Assosiasiyasıdır (WWCBA). Ümumdünya Boks Təşkilatının (WBO) və Beynəlxalq Boks Assosiasiyasının (AIBA) mövcud qaydaları əsasında keçirilən yarışlardan əldə edilən yüksək gəlir tamamilə xeyriyyə məqsədilə sərf olunur.

Londonda və Kembricdə keçirilən yarışların iştirakçısı olan Cavid Abdullayev 70 kiloqram çəki dərəcəsində rinqə çıxıb. Universal döyüş növü ilə məşğul olarkən əldə etdiyi boks bacarıqları ona bütün rəqiblərindən üstün olmaq və hər iki şəhərdə öz çəki dərəcəsində birinci yeri tutmaq imkanı verib. O, İngiltərədə keçirilən boks üzrə nüfuzlu “Şəhər kuboku” yarışlarında çempionluğa yüksələn ilk azərbaycanlı olub.

AZƏRTAC

Xəbər 975 dəfə oxundu.