Şəhriyar Məmmədyarov dünya çempionatında liderlər qrupunda mübarizəni davam etdirir
Moskvada şahmatın rapid növü üzrə start götürən “King Salman World Cup” adlı dünya çempionatı davam edir.

İştirakçıları bu gün daha beş turda mübarizə aparacaqlar. Ötən turların nəticələrinə görə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov liderlər qrupunda mübarizə aparır. Ümumi nəticəyə görə 4,5 xal toplayan təmsilçimiz turnir cədvəlinin üçüncü pilləsində yer alıb. Şahmatçımızla bərabər, xal toplayan çinli Yanq Hao və israilli İlia Smirin əlavə göstəricilərə görə ilk iki pilləni bölüşürlər. Daha iki şahmatçının - Polşa təmsilçisi Kriştov Duda və amerikalı Leyner Dominquez Perezin aktivində də 4,5 xal var.

Komandamızın daha bir üzvünün də nəticələri yaxşıdır. Qədir Hüseynov 4 xalla 6-cı yerdədir. Eltac Səfərli, Rauf Məmmədov 3,5, Aydın Süleymanlı 3, Namiq Quliyev 2 xal toplayıblar.

Dünya çempionatı çərçivəsində dekabrın 28-dək davam edəcək rapid yarışlarından sonra blits turniri keçiriləcək. Yarış dekabrın 30-da başa çatacaq.

Qeyd edək ki, Ş.Məmmədyarov 2013-cü ildə rapid üzrə dünya çempionatının qalibi olub.

Xəbər 713 dəfə oxundu.