Şirəliyev Aslan Bəybala oğlu
Aslan Bəybala oğlu Şirəliyev 1963-cü il fevralın 23-də İmişli şəhərində anadan olub. 1970-1980-ci illərdə İmişli şəhər 4 saylı orta məktəbini əla qiymətlərlə bitirib. 1981-1982-ci illərdə Sumqayıt şəhərindəki 49 saylı orta texniki peşə məktəbini isə fərqlənmə diplomu ilə başa vurub. 1982-84-cü illərdə hərbi xidmətdə olub. 1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib jurnalist ixtisası alıb.

1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunun aspiranturasını bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitunda Ümumi Tarix şöbəsində elmi işlə məşğul olub. “Azərbaycan idmanı və beynəlxalq Olimpiya Hərəkatı” adlı mövzu üzərində dissertasiya yazıb. 1993-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən isə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının və Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının üzvüdür.

2001-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmi nəşri olan «Olimpiya dünyası» qəzetində baş redaktorun müavini vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2011-ci il tarixli sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2017-ci il tarixli sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Xəbər 1377 dəfə oxundu.