UEFA İtaliyanı cəzalandırmağa hazırdır
UEFA İtaliya klublarını Avrokuboklardan uzaqlaşdıra bilər. Buna səbəb mətbuata 2010-2011-ci illər mövsümü çempionatında bəzi oyunlar barədə məlumatların üzə çıxarılmasıdı. Ən çox şübhə altına alınan 2011-ci il mayın 14-də baş tutmuş «Latsio» - «Cenoa» qarşılaşmasıdı. Həmin oyun romalıların 4:2-lik qələbəsi ilə başa çatmışdı.

İdman.com.az saytının məlumatına görə, bu klublardan savayı şübhə altına «Udineze» və «Leççe», eləcə də bir vaxtlar «B» divizionuna qovulmuş Turin «Yuventus»u da var.
Bununla belə UEFA-nın mövqeyi indiyədək bəlli deyildi. Bu klublardan bir çoxu yeni mövsümdə Çempionlar Liqası və Avropa Liqasında oynamalıdılar. Qitə qurumu müəyyən zamanadək federasiyaların daxili işlərinə qarışa bilmirdi. Təşkilatın indiki bəyanatında isə deyilir: «Əlbəttə, İtaliyada baş verənlərdən xəbərdarıq. Lakin federasiyaların daxili işlərinə qarışa bilmərik. Bununla belə, nizamnamədə və Avrokubokların nizam-intizam qaydalarında aydın qeyd olunur ki, danışılmış oyunlarda əli olan klub Avrokuboklardan kənarlaşdırılır».

Belə halda bu mövsüm son turadək Çempionlar Liqasına üçüncü vəsiqə uğrunda mübarizə aparmış «Latsio» və «Udineze» indi ümumiyyətlə qitə yarışlarından uzaq qala bilər.
Belə hal da ilk olmayacaq. Elə son mövsümdə «Fənərbağça»nın Çempionlar Liqasından uzaqlaşdırılmasını misal çəkmək kifayətdi.
İtaliyanın baş naziri Mario Monti isə bütövlükdə ölkə futboluyla bağlı sərt bəyanat verib: «İtaliyada futbolu 2-3 illik dayandırmaq lazımdı. Bu, hökumətin təklifi deyil. Ancaq bu addım öz-özlüyündə tələb olunur».

Maraqlıdı ki, Apenninləri hər dəfə rüşvətxorluq və danışılmış oyunlar qalmaqalı bürüyəndə hər dəfə «İnter» bu hadisələrdən kənarda qalır və üstəlik hələ fayda da götürür. Elə «Yuventus»un çempionluğu da bir vaxtlar alınanda «İnter»ə verilmişdi, indi də mövsümü uğursuz keçirmiş klub Çempionlar Liqasında oynamaq hüququ əldə edə bilər.

Xəbər 1132 dəfə oxundu.