Dünya Şotokan Karate Federasiyası Azərbaycanın iki veteran idmançısını təltif edib
Avropa və dünya çempionları Ülvi Quliyev və Füzuli Musayev karatenin inkişafındakı xüsusi xidmətlərinə görə Dünya Şotokan Karate Federasiyasının (WSKF) texniki komitəsinin qərarı ilə 8-ci dan (Şixan) qara kəmər dərəcəsinə layiq görülüblər.

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzindən Azsport.az saytına bildiriblər ki, Ülvi Quliyev və Füzuli Musayevin rəhbərliyi ilə çoxlu sayda Azərbaycan gənci Avropa və dünya çempionu adını qazanıblar. Artıq bütün dünyada geniş tanınan Azərbaycan karate məktəbinin formalaşmasının və inkişafının əsasında Ülvi Quliyevin və Füzuli Musayevin mühüm xidmətləri, mübarizə və qələbə əzmi dayanır.

Qeyd edək ki, Milli Məclisin Gənclər və idman komitəsinin sədri və Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev Avropa və dünya çempionu adını qazanıb. O, Əməkdar idman ustası, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adları ilə təltif olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin rəisi, polkovnik, Hərbçilərin və Hüquq-Mühafizə Orqanlarının İdman Assosiasiyasının prezidenti, Azərbaycan Taekvondo Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayev karate üzrə ikiqat dünya, Avropa və SSRİ çempionu, dəfələrlə Azərbaycan çempionatının qalibi olub. F.Musayev Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar idman ustası fəxri adları ilə təltif edilib.

Xəbər 1000 dəfə oxundu.