Cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
Dekabrın 24-də Bakı İdman Sarayında cüdo üzrə qadınlar və kişilər arasında start götürən Azərbaycan çempionatında ilk günün yarışlarına yekun vurulub.

Kişilər arasında 60, 73, 90, qadınların yarışında 48, 57, 70 kiloqram çəki dərəcələri üzrə qaliblər müəyyənləşib. Belə ki, 60 kiloqram çəkidə Asəf Nəcəfov finalda Turan Bayramova qalib gələrək qızıl medal əldə edib. Bürünc medalları Kəramət Hüseynov və Rövşən Əliyev qazanıblar.

Telman Vəliyev 73 kiloqram çəkidə qalib olub. Mətin Rzazadə gümüş, Paşa Əliyev və Kənan Quluzadə bürünc medala sahib olublar. Məmmədəli Mehdiyev 90 kiloqram çəkidə birinci, Rüfət İsmayılov ikinci, Zaur Dünyamaliyev və Aliumar Tumayev üçüncü yerləri tutublar.

Qadın cüdoçuların mübarizəsində Ramilə Əliyeva 48 kiloqram çəkidə hamıdan güclü olub. Könül Əliyeva ikinci, Şahnaz Əsgərova üçüncü yerdə qərarlaşıblar. İçinkorloo Munxtsedev isə 57 kiloqram çəkidə qalib olub. Nəzakət Əzizova gümüş, Səkinə Zayirova və Günel Bəkirzadə bürünc medallara layiq görülüblər. Yetmiş kiloqram çəkidə isə Günel Həsənli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri Aidə Baxışova, Nərgiz İbrahimova və Xədicə Rəşidova tutublar.

Azərbaycan çempionatında 322 cüdoçu mübarizə aparır. Yarışlar üç gün davam edəcək.

Xəbər 850 dəfə oxundu.