Autizmli uşaqlar arasında stolüstü tennis yarışı keçirilib
“Şüa” İdman-Sağlamlıq Kompleksində Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə autizmli uşaqlar arasında yarış keçirilib. Turnir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Autizm Assosiasiyası İctimai Birliyi tərəfindən icra olunan “İnklüziv idman tədbirlərinin təşkili vasitəsilə autizmli uşaqların tibbi-sosial reabilitasiyasına və sosiallaşmasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Tədbirdə çıxış edən assosiasiyanın sədri Elnur Məmmədov deyib: “Hazırkı layihə autizmdən əziyyət çəkən uşaqların tibbi-sosial reabilitasiyası və sosiallaşması üçün milli səviyyədə inklüziv idman tədbirlərinin təşkilini həyata keçirir. Autizmdən əziyyət çəkən uşaqların inklüziv idman növlərinə cəlb olunması, stolüstü tennis və velosiped məşqlərində yaxşı nəticə göstərənlər arasında yarışların keçirilməsi və qaliblərin autizmli uşaqlar üçün xarici ölkələrdə təşkil olunan beynəlxalq yarışlarda iştirakı ilə bağlı dəstəyin göstərilməsi layihə çərçivəsində icra olunması nəzərdə tutulan əsas fəaliyyət istiqamətləridir”.

Cari ilin noyabrından başlayan məşqlərə ümumilikdə 70-ə yaxın autizmli uşaq cəlb olunub. Yerlərdə təşkil olunan seçmə yarışlar nəticəsində finala 34 uşaq vəsiqə qazanıb. İki yaş qrupu üzrə keçirilən final oyunlarının nəticələrinə görə, 6-12 yaş qrupu üzrə birinci yerə Nicat Həmidov, ikinci yerə Amin Hacıyev, üçüncü yerə isə Fərid Əhmədov layiq görülüblər. On üç yaşdan yuxarı uşaqlar arasında Toğrul Məmmədov, Xaqan Əliyev, Rza Bayramlı fərqləniblər.

Yarışda autizmli uşaqlarla yanaşı, həm də onların məşqçiləri stolüstü tennis üzrə qüvvələrini sınayıblar. Ümumilikdə, 16 məşqçi arasında keçirilən turnirdə ilk üç yeri Əbülfəz Əliyev, Nail Səfərov və Azad Əliyev tutublar.

Qaliblər fəxri fərman, medal və qiymətli hədiyyələrlə təltif olunublar.


Xəbər 1002 dəfə oxundu.