Qrup hərəkətləri komandamızın üzvləri balaca gimnastlarla görüşüblər
Bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın üzvləri dekabrın 19-da balaca həmkarları ilə görüşüblər.

Bakı Gimnastika Məktəbində təşkil olunan görüşdə 4-13 yaşlı 80-dək gimnast iştirak edib.

Əvvəlcə balaca gimnastlar qonaqlara suallar veriblər. Millimizin üzvləri uşaqların suallarını cavablandırmaqla yanaşı, zəngin təcrübələrini və idmanda uğur qazanmağın yollarını onlarla bölüşüblər.

Daha sonra millimizin üzvlərinin avtoqraf sessiyası təşkil olunub.

Ölkəmizdə gimnastikaya marağın böyük olduğunu diqqətə çatdıran millimizin üzvü Zeynəb Hümmətova deyib ki, idmanın bu növü ilə məşğul olmağa başlayanda 3-4 komanda fəaliyyət göstərirdi. Sevindirici haldır ki, hazırda gimnastika təkcə paytaxtda deyil, bölgələrdə də inkişaf etdirilir. Uşaqların verdiyi suallardan görünür ki, onların idmanın bu növünə böyük həvəsləri var.

Yığmamızın gimnastı Aliyə Paşayeva bildirib: “Bir müddət əvvəl Bakı Gimnastika Məktəbində məşqçilik fəaliyyətinə başlamışam. Uşaqların əksəriyyətini tanıyıram. Onların gimnastikaya çox ciddi yanaşmaları mənə xoş gəlir. Uşaqlar üçün bizim karyera yolumuz olduqca maraqlıdır. Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinin apardığı uğurlu siyasətin nəticəsidir ki, bu gün idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir və mükafatçılar sırasında yer alırlar.

Təcrübəsini balaca idmançılarla bölüşməkdən məmnunluğunu bildirən Siyana Vasileva deyib: “Ümid edirəm ki, söhbətlərimiz balaca gimnastların karyeralarına töhfə verəcək. Belə görüşlərin davamlı olacağına inanıram. Bir müddət əvvəl “Ocaq Sport” klubunda da balaca həmkarlarımla görüşümüz oldu. Uşaq vaxtlarımda həmişə belə görüşlərdən zövq alırdım. Tanınmış gimnastlarla görüş mənə öz üzərimdə işləməyə böyük təkan verirdi. Komanda yoldaşlarım kimi mən də məşqçilik fəaliyyətinə başlamışam. Ancaq xalçada idmançı kimi çıxış etmək mənə daha xoşdur”.

Qeyd edək ki, qrup hərəkətləri komandamız cari ilin sentyabrında Bakıda təşkil olunan bədii gimnastika üzrə 37-ci dünya çempionatında uğurla çıxış edərək “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Xəbər 759 dəfə oxundu.