FHN-in idmançı əməkdaşları yeni uğurlar qazanıblar
Dekabrın 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində nazirliyin beynəlxalq və yerli yarışlarda uğur qazanmış əməkdaşları və idmançıları ilə görüş keçirilib.

İdman-Sağlamlıq Mərkəzindən azsport.az saytına bildiriblər ki, görüşdə mərkəzin rəisi polkovnik Füzuli Musayev Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürəni Toğrul Mikayılovu, mərkəzin əməkdaşı baş-leytenant Rəşad Kəsəmənlini və FHN-in taekvondo komandasının üzvü Tamerlan Yaqubovu əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.

Xatırladaq ki, dekabrın 7-8-də Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondoçular arasında Avropa birinciliyi keçirilib. Otuz iki ölkədən 500-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-Sağlamlıq Mərkəzinin idmançısı mərkəzin əməkdaşı gizir Elvin Məmmədovun rəhbərliyi altında yüksək nəticə göstərib.
FHN-in taekvondoçusu Tamerlan Yaqubov 29 kiloqram çəki dərəcəsində dörd döyüş keçirərək turnirin gümüş medalına layiq görülüb.

Bundan başqa, dekabrın 10-dan 13-dək Ukraynanın Xarkov şəhərində sanda döyüş növləri üzrə dünya çempionatı keçirilib. Turnirdə 45 ölkədən mindən çox idmançı iştirak edib. Yarışda FHN-in əməkdaşları Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürəni çavuş Toğrul Mikayılov (65 kq) və Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin baş sürücüsü gizir Təbriz Qasımov (75 kq) çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək kürsünün ən yüksək pilləsinə qalxıblar. Bununla da Toğrul Mikayılov beşqat dünya çempionu adını qazanıb.

Dekabrın 13-də Azərbaycan Texniki Universitetinin idman zalında Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə qol güləşi idman növü üzrə respublika kuboku uğrunda açıq birincilik keçirilib. Yarışda 40 komandadan 140-dən çox idmançı mübarizəyə qoşulub. FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşı, baş leytenant Rəşad Kəsəmənli bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına layiq görülüb. İdmançımız Azərbaycan Qol Güləşi Federasiyasının diplom və medalı ilə təltif olunub.


Xəbər 744 dəfə oxundu.