“Judo Club 2012”nin yeniyetmə cüdoçuları beynəlxalq turnirdə 11 medal qazanıblar
Gürcüstanın Zuqdidi şəhərində cüdo üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Dağıstan, İnquşetiya və Ermənistandan 150-yə yaxın idmançı qüvvəsini sınayıb.

Turnirdə ölkəmizi klubun 2003-2010-cu il təvəllüdlü yetirmələri təmsil ediblər.

Əməkdar idman ustası, usta cüdoçular arasında dəfələrlə dünya və Avropa çempionu Zaur Paşayevin rəhbərliyi ilə Gürcüstana yollanan komandanın heyətində klubun həkimi Məhəmməd Hüseynzadə və 28 idmançı yer alıb. Klubun yetirmələri beynəlxalq turnirdə müxtəlif yaş qrupları üzrə yarışlarda 3 qızıl və 8 bürünc medal qazanıblar. Qızıl medallara Nicat Eyvazov (34 kq), Ruslan Quliyev (42 kq) və Abduləziz Məmmədov (66 kq) layiq görülüblər. Klubun aktivinə bürünc medalları Mirmehdi Aslanlı (24 kq), Cavanşir Comərdov (38 kq), Amil Həsənov (42 kq), Riad Mustafazadə (42 kq), Mehdi Cəfərov (55 kq), Nurlan Abdullayev (60 kq), Polad Əhmədov (81 kq) və Orxan Ağayev (+87 kq) yazdırıblar.

Klubun idmançılarının uğuru bununla da yekunlaşmayıb. Belə ki, “Judo Club 2012”nin üzvü Əli Arzumanlı (38 kq) turnirin ən texnikalı və nizam-intizamlı cüdoçusu adına layiq görülüb.

Qeyd edək ki, Əli Arzumanlı bu il Turkiyədə keçirilən “Qaradəniz” beynəlxalq turnirində çempion olub.

Xəbər 857 dəfə oxundu.