Mübarizə bitdi, ümid tükəndi
Dəyişmək üçün ən azı özünə hesabat verməlisən

Futbol klublarımızın transferlərə, oyunçu siyasətinə, deməli, skautluğa, menecermentdən başlamaqla, futbolun idman növü kimi sistemini təşkil edən təməl prinsiplərə qeyri-peşəkar yanaşmasını mütəmadi olaraq xüsusi vurğulayırıq. Bunu hər dəfə müəyyən notlarla, nümunələrlə əsaslandırmağa çalışır və aqibətinin ağır olacağını deyirik.

Lakin deyilənlərin əsassız olmadığı aydın görünsə belə, hər dəfə ümid yalnız ona qalır ki, ayrı-ayrı müsbət nəticələr klubları az-çox düşünməyə vadar edəcək. Əks təqdirdə, ötəri, başqa sözlə, kökü olmayan uğur vakuumda o yan bu yana fırlanan cism kimidir: dayağı, söykənəcəyi, tutacağı olmur və zərbə qəfil gələrək fəsadı ağır olur.

Builki Avroliqada "Qarabağ"ın azarkeşlərini, futbolsevərləri və ümumən, bütün futbolumuzu belə fəsad altına qoymaması üçün komandanın qrupdan çıxması şərt idi. Azərbaycan çempionunun Kipr təmsilçisindən güclü olmadığını, futbolda daha fərqli səviyyələrdə olan komandaların məğlubiyyətlərini nümunə çəkib təsəlli tapmaq da mümkündür. Amma bu, özünü aldatmaqdan başqa bir şey deyil. Özü də müsbət nəticələr əldə ediləndə yağdırılan təriflərdən də ağır zərbə və təhlükə mənbəyidir. Bu gün "Qarabağ"ı düşdüyü vəziyyətə gətirib çıxaran əsas səbəb də budur.

Əlbəttə, özünə bərabər rəqibə məğlub ola, geri qala bilərsən. Lakin bataqlığa girib çırpınmaqla ümidsizləşmək artıq bir yolun sonuna çatmağın işarəsidir.

Deyərdim ki, bugünkü ssenarili "Qarabağ" tükənib. Ümid var idi ki, Sevilyada, nəticə ilə olmasa da, oyunla komanda özünə gəlməyə çalışacaq, həm də yenilik siqnalı verəcək. Bir qayda olaraq siqnallar məhz belə oyunlarda verilir. Lakin qarşılaşmada komanda və onun sükançısı tükəndiyini bir daha göstərdi. Deyəsən, "Qarabağ" ölkə çempionatında rəqibsizlikdən, baş məşqçisi isə bilikləri təzələməyə vaxt tapmamaqdan əziyyət çəkir - yorulub, yorğunlaşıblar. Sükançı yaxşı məşqçi korpusunu qura, rəhbərlik idarəçilik imkanlarını genişləndirə, strateji hədəfləri qura bilməməkdən, sistemsizlikdən əziyyət çəkir. Ən azı, "Qarabağ" vaxtilə sürətlə böyüyən gəncləri yığmaqla yanaşı, bu işin təməlini möhkəmləndirməli idi. İndi buna cəhd də yoxdur. "Qarabağ" son illər gənclərin barıtının bitdiyi bir kluba çevrilib.

Sevilyadakı ilk hissəsi aldadıcı təsirli qarşılaşmadan danışmağa ehtiyac yoxdur. Ona görə ki, "Qarabağ", obyektiv olaraq, rəqibin verdiyi imkan qədər oynaya bilirdi.
Yarışdan bəhs etsək, yaxşıdır: yarış göstərdi ki, son iki ildə Ağdam klubu transferlərində də ardıcıl iflasa düçar olur. Əlbəttə, bunu Avropa səhnəsi prizmasından və həmin meyarları etalon götürüb deyirik. Yoxsa ki, heyət milli çempionat səviyyəsində at oynatmağa yetərlidir. "Qarabağ"ın transferdə effektə nail ola bilməməsinin cavabı, kobud desək, "bu işə peşəkarcasına yanaşılmır və bu işlə peşəkarlar, həm də müntəzəm məşğul olmur" ifadəsindədir. Hərçənd bunun başqa səbəbi də var: komandada sistemli və planlı təməl yoxdur. Ser Aleks Fergüsonun "Mançester Yunayted"inin tarixçəsini, yəqin, çoxları bilir. Əlbəttə, "Qarabağ"ın "Yunayted"liyindən danışmırıq. Amma keçilən yol "Qarabağ" rəhbərliyinə nümunə ola bilər. Azərbaycan çempionu bu gün çoxlarına məlum başqa bir tarixçəni təkrarlayır: Romantsevli "Spartak"ınkını.

Bu yolu getməmək üçün ehkamları dağıtmaq lazımdır və zənnimcə, çempiona son fürsətdir. "Qarabağ"ın elə Avropa liqasının kandarında fırlanaraq bu futbolun içinə daxil ola bilməyən bir komandaya çevrilməsi daha təhlükəlidir. Hərgah komanda Çempionlar liqasının qrup mərhələlərində bunları etsəydi, ümidsizliyə qapılmamağa əsas olmazdı.

Əlbəttə, "Qarabağ"ı buna qədər futbola gəlib parlayaraq solmuş klubların aqibətinin gözləmədiyinə inam və ümid var. Ağdam klubu vaxtilə yüksəlişdən sonra enişlər də yaşayıb, fəqət bu halın təkrarlanacağı istisna deyil. Komanda hər cəhətdən sanki yorğunlaşıb, arğınlaşıb və nəticədə, durğunlaşıb. Komanda zamanla budanmır, dəyişmir, yeniləşmək istəmir. Bundan tək özü deyil, bütün futbolumuz əziyyət çəkir.

Normal milli çempionatda möhkəm ortababların olmaması bütün ümidi məhz kökü olan klublara dayayıb. Bu missiyanı yerinə yetirmək üçün klub nəyəsə cəhd etməlidir ki, təkanverici qüvvəyə çevrilsin, inkişafa zəmin yaransın.
Ümumilikdə, belə durğunluqların əsas səbəbi hesabatsızlıqdır. Hesabatın kökündə isə hesab dayanır. Məcburi deyil ki, hesab ictimailəşmiş və hərfi mənası ilə olsun. Ən vacibi, klub özü qarşısında təkcə maliyyə deyil, futbolun əsasını təşkil edən cəhətlər üzrə hesabatlılığı yaratmalı və ona güvənməlidir. Əks təqdirdə, elə indiki kimi, hər dövr, yaxın-uzaq müddətlər üçün plan və strategiyanı, konsepsiyanı qura bilməyəcək. Yekunda sabit-durğun vəziyyət fonunda gah nala, gah mıxa vuran, gah yüksələn, gah da enən bir mənzərə yaranacaq. Bununla inkişaf yüksəliş kimi, eniş isə səbəbi tapılan əsaslardan ibarət olacaq. Xatırlamaq da yerinə düşər ki, hər tikilinin təməli olduğu kimi, klubun da bazasının, heç olmazsa, söykəndiyi meyarlar, prinsiplər bəlli olmalıdır.

BATI YAR

Xəbər 1306 dəfə oxundu.