Çempiona sadələşdirilmiş mövsüm
İndidən gələn mövsümü düşünərkən və ya məşqçi zəkası harada görünə bilər


Milli futbol çempionatının Premyer liqasında mübarizə 5-ci turdan sonra da bir forma, şəkil almayıb. Təbii ki, belə halda məzmundan heç danışmırıq. Komandaların qeyri-sabit çıxışı davam edir və belə bir vəziyyətdə bu, təəccüblü deyil. Artıq gözləntilər də başlanır.

Cəmi bir neçə tur bəs edir ki, məşqçi istefalarını da görək. Onlardan biri artıq baş verdi. Sonuncu pillənin sahibinin sükançısı Elşad Əhmədov postunu tərk etdi. Sumqayıt səfərində kollektivi meydana Rövşən Babayev çıxardı. Yeni baş məşqçi təyin olunana qədər klub müşahidə şurasının üzvü İqor Ponomaryova tapşırılıb.
Bu il daha çox güclənəcəyi ehtimal edilən komandanın bu qədər zəif çıxış etməsi, əslində, gözlənilən idi. İlk turlar da əyani göstərdi ki, məşqçi hələ nəinki sabit oyun, hətta normal heyət də qura bilməyib. Bu isə problemlərin dərinləşməsinə aparan ən qısa yoldur. Başqa klubdaxili səbəbləri aramaq belədə yersizdir.

Hər halda "Sabah" üçün yeni sabahlar çox ağır başlayacaq. İndi cəmi 8 komandanın arasında sonuncu pillədən qurtulmaq üçün qısa müddətdə ən optimal qərarlarla toparlanmaq lazımdır. Müşahidə şurasının üzvü olsa belə, Ponomaryovun bunu bacarıb-bacarmayacağı da başqa söhbətin mövzusudur. Hər halda fikirlərimizi bölüşərək onun şansını kölgəyə salmayaq.

Əlbəttə, ötən dövrün ən vacib matçı da bu arada keçirilib. Çempionatın 4 oyundan ibarət prinsipial çempionluq matçlar seriyasının birincisini "Qarabağ" elə də ciddi maneəyə, rəqabətə rast gəlmədən əldə etdi. Bununla çempion Avropa liqasında püşkün hər kəsi ümidləndirdiyi yarışı fonunda rahat nəfəs almaq imkanı qazanıb. Ümumiyyətlə, çempionat yarışının solğun keçəcəyinə əsasları "Neftçi" verir və günahı da onun üzərində olacaq. Avropa liqasında "Arsenal"dan sonra tanınmaz simaya düşmüş kollektiv təzyiq altında turdan-tura əriyir. Bu mənada nəinki "Qarabağ", hətta "Keşlə" ilə oyun da seriyanın davam etdiyini əyani göstərdi. Əsas azarkeş kütləsini küsdürən kollektiv indi sırası seyrəlmiş digər fanat qismini də ümidsiz qoymaqdadır. Artıq hər itirilən xalla "ağ-qaralar" liderdən bir qədər də aralanır və vəziyyəti mürəkkəbləşdirir. Çünki bu çempionatda "Qarabağ"ın "Neftçi"dən savayı, kiməsə xal verməsi yalnız öz günahı, səhlənkarlığı üzündən baş verə bilər. Komanda ən pis halda, oyunları xilas etmək üçün hər bir bazaya malikdir. Ən vacibi, ikinci heyəti belə bu yarışda istənilən komandaya qarşı uğurla çıxara bilər. Digər tərəfdən "Qarabağ"ın çempionat səviyyəsində taktiki siması digər rəqiblərlə müqayisədə daha formalaşmış vəziyyətdədir.

"Neftçi"nin natamamlıq kompleksinin səbəblərinin birincisi hər qarşılaşmada ilk baxışdan da əyani göründüyü kimi təzyiqlə bağlıdır. Klub bu maneəni, səddi aşa bilmir. Lakin "Qarabağ"la görüşdə üzə çıxan ikinci həqiqət heyətin hazırlığının da optimal səviyyədə olmaması ilə bağlıdır. Baş məşqçi hətta yerli mütəxəssislərin də buraxmayacağı taktiki səhvlərlə yanaşı, komandanın fiziki kondisiyasını, tarazlığını da qoruya bilmir. Funksional natamamlıqla bütün bunlar daha da dərinləşir. Bu səbəbdən "Keşlə" ilə oyunun yarım saatında azlıqda qalsa belə, ikinci hissədə yorğunluq hədsizliyinə gəlib çatmış çarəsizə çevrildi. Sadəcə, "Keşlə" bu fürsətdən istifadə edə bilmədi. Çünki bu komandanın da oyunu gücləndirmək üçün lazım olan əsas və ehtiyat potensialı məhduddur.

Komandaların ümumi hazırlığından danışarkən, təkcə nəticələrə baxmaq yetərlidir. "Keşlə"nin yenidən formalaşmasının hələ davam etməsi, elə yay hazırlığının buna yetməməsinin obyektiv-subyektiv səbəblərini kölgədə qoyan başqa məsələ də var. Özü də tək "Keşlə" deyil, digər klubların hamısı bu mənada şükür ediləsidir. Daha çox danışılacaq və futbolumuzun problemlərinin aynası olan klub avrokuboka gedəcəyi bəlli, heyəti də taraz olmalı "Səbail"dir. Belədə digərlərindən çox açmağa da dəyməz. Doğrudur, "Səbail"in hələ də üzdə olaraq uğurlar əldə etməsi, nəyəsə ümidlə yanaşması məhz həmin dövrün izləridir. Lakin düşündürən məqam başqadır: bu komandanın qəfil, ya da gözlənilən problemləri, əslində, bütün klublarımızın idarə edilməsindəki nöqsanların köklü səbəblərini üzə çıxarır. Bu isə daha çox AFFA-nın özünə bir siqnaldır, illərdir davam edən klubların sayı ilə bağlı məsələdə artıq inaddan dönmək zamanıdır. Çünki onsuz da klublarımız həvəskar statusdan çox uzağa gedə bilmir, peşəkarlıq yolunda yanılırlar. Elə buna görə az-çox maliyyə dayağı olan komandaların yalnız milli futbola dəstək məqsədilə elitaya buraxılması lazımdır. Bu, həm də təkcə klub deyil, ən azından, təsərrüfat, inkişaf, yeni adlar baxımından futbolumuzun formalaşma yolunda yeni fürsət meydanı ola bilər. Mövzunu indidən qabartmağımız, sadəcə, hadisələrin buna kəskin işarə etməsi, söhbəti başlamaq zərurəti yaratmasıdır. Bu gün Avroliqada oynaya-oynaya "Səbail"in üzləşdiyi problemlərin örnəyi ilə elitada istənilən komandanın oynaya biləcəyi artıq sirr deyil. Lakin bu heç də hər imkansız klubun elitaya salınmasına yol açmamalıdır. Çünki belədə problemlər daha da ağırlaşıb, komandaların doğru-dürüstlüyünə dirənə bilər. Ən əsası, bu addımlar üçün sabitqədəmlik standartlarının tətbiqi vacibdir.

Əlbəttə, bu sözlərin indidən səslənməsi ilə cari mövsüm indidən bitmiş effekti verir və mənasızlaşır. Əslində, komandaların natamamlığı, hətta ötən mövsümdən sonra belə strateji vəzifələrin doğru seçilməməsi, kəsəsi ilə çiyliyi bu effektə əlavə təkan verir. Bu səbəbdən indidən bir məsələni diqqətdə saxlamaq lazımdır. Komandalar üçün qışa qədər dözmək prinsipi başlanır. Çünki oyunçu seçimi ilə bağlı problemlər də özünü büruzə verir. Əslində, bu yerdə başqa məsələ də gündəmə gəlir. Ağıl işlədə bilən hər bir komanda belə məqamlarda kəşfləri ilə diqqət çəkə bilər. Bu həm yeni və gənc oyunçuların kəşfi, həm də artıq formalaşmış oyunçuların yeni və daha fərqli xüsusiyyətlərinin üzə çıxarılması ilə bağlı məqamlardır. Bu isə məşqçi zəkası və ona inanan rəhbər iradəsi tələb edən ağır işdir. Hər halda builki mövsüm kadrların parlayacağı bir mövsüm kimi daha önə çıxa bilər. Bu həm də klubları böhrandan çıxara biləcək əsas gedişlərdən biri ola bilər.

BATI YAR



Xəbər 937 dəfə oxundu.