“İdman jurnalistikası” magistr proqramının ilk məzunlarına diplomları təqdim olunub
Dekabrın 17-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) “İdman jurnalistikası” magistr proqramının ilk məzunlarına diplomların təqdim olunması mərasimi keçirilib.

Mərasimdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, baş katibin müavini Azər Əliyev, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Böyük Britaniya səfirliyinin, BMT-nin Bakıdakı nümayəndəliyinin rəsmiləri, bir sıra dövlət və özəl qurumların nümayəndələri, həmçinin Akademiyanın, ölkənin ən nüfuzlu ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra məzunlardan bəhs edən videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən ADBTİA-nın rektoru Fuad Hacıyev bildirib ki, “İdman jurnalistikası” magistr proqramı yalnız Azərbaycanda deyil, Qafqazda bir ilkdir. Proqramın yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir.

Ölkəmizdə dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışan rektor ulu öndər Heydər Əliyev tərəfindən hələ sovet dövründə Azərbaycan gənclərindən ən nüfuzlu ali məktəblərə hər il 800-ə yaxın gəncin oxumağa göndərilməsindən, Prezident İlham Əliyevin gənclərin təhsil səviyyəsində yüksəldilməsi ilə bağlı verdiyi sərəncamlardan söz açıb. Üzünü təhsillərini başa vuran gənclərə tutan rektor onları gələcək fəaliyyətlərində İdman Akademiyasının adını uca tutmağa, savadlı və vətənpərvər olmağa, müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verməyə çağırıb.

Daha sonra məzunları təbrik edən Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev çıxış edərək birinci olmağın məsuliyyətindən söhbət açıb. O bildirib ki, əsas hekayə birinci olmaqdan sonra başlayır. “Ümid edirik ki, bu ilk məzunlar Azərbaycanda keçirilən mötəbər idman tədbirlərinin daha geniş şəkildə işıqlandırılmasında, ölkəmizin idman ölkəsi kimi beynəlxalq arenada tanıdılmasında böyük rol oynayacaqlar”, - deyə İ.Zəkiyev əlavə edib.

Proqramının rəhbəri Britaniya Konsulluğu, Thomson Foundation və digər beynəlxalq təşkilatların müxtəlif media layihələrinə rəhbərlik etmiş, media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason isə çıxışında bu proqramın regionda da bir ilk olmasına diqqət çəkib. O bildirib ki, proqramın yaradılmasında əsas məqsəd jurnalistika sahəsində ixtisaslaşmış kadrların yetişdirilməsidir. “Proqramımız üç məqsədə xidmət edir. Jurnalistika təhsilini yeni bir şəkildə təqdim etmək, idmana xidmət etmək və Azərbaycanı, Akademiyamızı idman jurnalistikası sahəsində də regional mərkəzə çevirməkdir. Artıq hər gün yerli televiziya kanallarında məzunlarımızı görür, onlarla qürur duyuruq. Bu məzuniyyət bizim bayramımızdır. Bu sahədə nəinki regionda, dünyada Azərbaycan üçün birinci olmağı hədəfləyirik”, - deyə D.Mason bildirib.

Daha sonra A.Rəhimov D.Masona Azərbaycandakı uğurlu fəaliyyəti ilə əlaqədar olaraq Gənclər və İdman Nazirliyi adından xüsusi diplom təqdim edib.

Sonda məzunlar adından çıxış edən proqramın magistrı Ceyhun Mustafayev Akademiyaya rəhbərliyinə onlar üçün yaradılan şəraitə görə təşəkkür edib, hazırda media nümayəndəsi olaraq Akademiyanın tədbirlərini, təlim-tədris prosesini işıqlandırmaqdan qürur duyduğunu bildirib.

Qeyd edək ki, “İdman jurnalistikası” magistr proqramına ilk qəbul 2017-ci ildə aparılıb və 6 tələbə proqrama qəbul olub. Onlar 2 il müddətində müasir teleradio avadanlığı ilə tam təchiz edilmiş Akademiyanın Multimedia Mərkəzində yerli və xarici mütəxəssislər tərəfindən keçilən modullar çərçivəsində PR, audio və video, onlayn media sahəsində peşəkar bacarıqlara yiyələnib, beynəlxalq idman yarışlarına, nüfuzlu tədbirlərə media təmsilçisi qismində qatılmaq imkanı qazanıblar.

Proqramın iştirakçıları dəfələrlə onlayn radio və televiziya vasitəsilə canlı yayım edib, yüksək nailiyyətli idmançılar, görkəmli məşqçilər, könüllü və tələbələrdən müsahibələr alıblar. Onlar, həmçinin proqram çərçivəsində Böyük Britaniyaya səfər edərək 2 həftə müddətində BBC və digər nüfuzlu media orqanında təcrübə qazanıb, əsas təlim modullardan birini Şeffield Hallam Universitetində keçiblər.

Eyni zamanda, onlar bir neçə beynəlxalq tədbirin, o cümlədən cari ildə Bakıda təşkil olunan paracüdo üzrə dünya kuboku yarışlarının təşkili və keçirilməsində media dəstəyi göstəriblər.

ADBTİA-nın “İdman jurnalistikası” magistr proqramının ilk məzunları artıq bir sıra yerli teleradio şirkətləri, “Associated Press”, BBC, “Əl Cəzirə” kimi nüfuzlu xarici media qurumları ilə əməkdaşlığa başlayıblar.

Xəbər 749 dəfə oxundu.