Kasilyas dünya rekordunu təzələdi
İspaniya futbol seçməsinin kapitğanı İker Kasilyas dünya futbolunda ən çox qələbə rekordunu təzələyib. İdman.com.az saytının xəbərinə görə, Madrid «Real»ının da şərəfini qoruyan qolkiper Cənubi Koreya ilə görüşdə (4:1) millisinin heyətində 130-cu oyunda 95-ci qələbəsini qazanıb.

Bununla o, fransalı Lilian Türamın və misirli Əhməd Həsənin göstəricisini bir qələbə yaxşılaşdırıb. Həm də milli komandasının heyətində keçirdiyi oyunlara görə dünya rekordçusu olan (179) Əhməd hələ də karyerasını başa vurmadığından Kasiylasın prinsipial rəqibidir. Bundan əvvəl Kasilyas qapısını ən çox görüşdə toxunulmaz saxlayanların siyahısında niderlandlı Edvin van der Sarın rekordunu təzələmişdi (73 matç).

Qeyd edək ki, o, milli komandasında ən çox oyun keçirən qapıçıların sıralamasında da tezliklə ilk üçlüyə daxil ola bilər. Hazırda siyahıya Səudiyyə Ərəbistanından Məhəmməd Əl Dehaya (178 oyun), isveçli Tomas Ravelli (143) və cənubi koreyalı Li Vun Ca (131) başçılıq edirlər. Lakin ilk iki qolkiper karyerasını başa vurub, sonuncu isə millinin formasını geyinmir.

Xəbər 3562 dəfə oxundu.