"Qəbələ" qələbə ilə başladı
Bu gün 15 yaşlı futbolçular arasında I Qəbələ kuboku start götürdü. İdman.com.az saytının məlumatına görə, "A" qrupunun ilk turunda ev sahibləri Danimarkanın "Brondbü" komandası ilə görüşdülər. Üstün oyun nümayiş etdirən "Qəbələ" rəqibini böyük hesabla məğlub etdi – 6:2. Bizdən qolları Coşqun Süleymanov (2), Vüqar Əlibabayev (2), Əli Səmədov və Ülvi İskəndərov vurdular.
Qrupun digər görüşündə "Qalatasaray" (Türkiyə) "Vilyarreal"la (İspaniya) heç-heçə etdi – 1:1.

Eyni vaxtda "B" qrupunda "Qarabağ" klubu digər Pireney təmsilçisi "Levante" ilə qarşılaşdı. "Qəbələ" rəqib üzərində qələbə qazansa da, Ağdam komandası bunu bacarmadı, minimal hesablı məğlub oldu. "Qarabağ"ın yeganə qoluna Şaxban Cəbrayılov imza atdı.
Həmin qrupda növbəti matçda Serbiyanın 15 yaşlı millisi Nidrlandın "Feyenoord" klubunun qapısından 5 cavabsız top keçirdi.

Bu gün saat 18-00-da yarışın açılışı olacaq. Tədbir tanınmış avropalı futbol adamlarının iştirakı ilə yadda qalacaq. Belə ki, "Feyenoord" Futbol Klubunun Akademiyasının direktoru Stenli Bard və Serbiya Futbol Federasiyasının vitse-prezidenti Draqan Corceviç qonaqlar sırasında yer alacaqlar.

Açılışdan sonra növbəti turun oyunları keçiriləcək. Saat 19-00-da "Qəbələ" İstanbul "Qalatasaray", eyni vaxtda "Qarabağ" "Feyenoord"la mübarizə aparacaq. Yarışın qaydasına əsasən, qrup qalibləri digər qrup ikincisi ilə üz-üzə gələcəklər. Sevinən tərəflər finalda, məğlublar 3-cü yer uğrunda görüşəcəklər. Üçüncü yeri tutanlar digər tərəfin dördüncüləri ilə üz-üzə gələcəklər. Turnirə iyunun 3-də yekun vurulacaq.

Kamran HACI, Qəbələ

Xəbər 1111 dəfə oxundu.