Voleybol üzrə növbəti Azərbaycan çempionatı keçiriləcək
Voleybol üzrə növbəti Azərbaycan çempionatı dekabrın 14-də start götürəcək. Çempionat iki dövrədə dairəvi sistem üzrə keçiriləcək. Qadınların yarışında 6, kişilərin mübarizəsində isə 7 komanda çıxış edəcək.

Bu sözləri Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev dekabrın 11-də jurnalistlərlə görüşündə deyib.

F.Qarayev bildirib ki, kişilərin çempionatında “Sərhədçi”, MOİK, “Neftçi”, “Lokomotiv”, “Xilasedici”, “Azərreyl” və Gürcüstan yığması iştirak edəcək. Qadınların mübarizəsində isə “İqtisadçı”, “Lokomotiv”, “Abşeron”, “Mübariz”, “Azərreyl” və Gürcüstan millisi birincilik uğrunda yarışacaq. Çempionatın oyunları Hövsan Olimpiya İdman Kompleksində, “Sərhədçi” İdman Olimpiya Mərkəzində, “Lokomotiv” klubunun, FHN-in, eləcə də Azərbaycan Voleybol Federasiyasının idman zallarında baş tutacaq. Yarışın final mərhələsi Bakı İdman Sarayında təşkil olunacaq.

Xəbər 963 dəfə oxundu.