Cüdo idman növü üzrə yeniyetmə və gənclər arasında açıq rayon birinciliyi təşkil olunub
Salyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayon Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayonda cüdo idman növünün kütləviliyinə nail olmaq, perspektivli idmançıları aşkar etmək məqsədi ilə cüdo idman növü üzrə yeniyetmə və gənclər arasında açıq rayon birinciliyi keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İdmançıları salamlayan Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünüb, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirib.

Azərbaycan Cüdo Federasiyasının cənub bölgəsi üzrə kuratoru Xanağa Quliyev qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd cüdo idman növünü təbliğ və inkişaf etdirmək, idmançıların təlim-məşq prosesini təkmilləşdirmək, onların idman ustalığını yüksəltmək, güclü və perspektivli idmançıları üzə çıxarmaqdır.

Sonra dövlət himni səsləndikdən sonra rayon birinciliyi açıq elan edilib. Rayon birinciliyində Bakı, Lənkəran, Şirvan, Masallı, Sabirabad və Salyan şəhər və rayon komandalarından olan idmançılar olmaqla 120 nəfər idmançı iştirak edib. Rayon birinciliyi 2 yaş qrupunda 21 çəki dərəcəsi üzrə keçirilib.

Yekun nəticədə komanda hesabında III yeri Masallı, II yeri Bakı, I yeri Salyan rayon komandaları qazanıb.

Qalib idmançılar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.

AZƏRTAC

Xəbər 697 dəfə oxundu.