Luis Hemilton: 2020-ci ildə rəqabət artacaq
Luis Hemilton və Valtteri Bottas “Petronas” şirkətinin mənzil-qərargahında keçirilən sponsor tədbirində iştirak etmək üçün Kuala-Lumpura gəliblər.

“Mercedes” komandasının yürüşçüləri neft şirkətinin əməkdaşları qarşısında çıxış ediblər. Luis bildirib ki, 2020-ci ildə “Mercedes” rəqiblərin daha güclü mübarizəsi ilə üzləşəcək. Dünya çempionu əlavə edib: “Düşünürəm ki, növbəti mövsüm indikinə bənzəyəcək, amma rəqabət artacaq. Biz bu il “McLaren”in daha uğurla çıxış etdiyinin, “Red Bull” komandasının irəliyə doğru addım atdığının şahidi olduq. Daha çox komanda aparıcı mövqeyə çıxır. Beləliklə, mövqe mübarizəsi indikindən də gərgin olacaq. Zənnimcə, irəlidəkinə çatmaq liderlikdən daha asandır”.

Valtteri Bottas da komanda yoldaşı ilə razılaşıb: “2020-ci ildə Formula 1 yarışlarında ciddi dəyişikliklər olmayacaq, bu səbəbdən komandalar arasında mübarizə daha gərgin keçəcək. Digər komandalar və yürüşçülər liderlik uğrunda öz rolunu oynayacaq, hərçənd, əlbəttə, Luisi ötmək həmişə çətindir. Amma mən bir neçə dəfə bunu edə bilmişəm və bilirəm ki, buna gücüm çatar”.

AZƏRTAC


Xəbər 731 dəfə oxundu.