Kişi badmintonçularımızın Avropa çempionatındakı rəqibləri müəyyənləşib
Fransanın Lievin şəhərində kişi və qadın komandalar arasında Avropa çempionatının püşkü atılıb.

Püşkatma mərasimini Avropa Badminton Konfederasiyasının baş katibinin müavini Cimmi Andersen və Avropa Oyunlarının bürünc və 2018-ci ildə keçirilən Avropa çempionatının gümüş mükafatçısı Emili Lefel aparıb.

Tarixində ikinci dəfə komandalararası Avropa çempionatına qatılan kişilərdən ibarət millimiz püşkatmanın nəticələrinə əsasən beşinci qrupda Almaniya, Çexiya və İslandiya ilə qarşılaşacaq. Komandamız qrup mərhələsində birinci oyununu Çexiyaya qarşı keçirəcək. Kişi badmintonçulardan ibarət kollektiv ikinci turda İslandiya, sonuncu turda isə Almaniya komandası ilə üz-üzə gələcək.

Qrup mərhələsinin görüşləri fevralın 11-13-də keçiriləcək. Dörddəbir, yarımfinal və final görüşləri isə fevralın 14-16-da oynanılacaq. Qruplarda ilk yerdə qərarlaşacaq komandalar pley-offa yüksələcək. Oyunların formatı iki şəxsi və üç qoşa görüşdən ibarət olacaq. Qarşılaşmalar “Arena Stad Kuver”də oynanılacaq. Hər komandanın heyətində bir badmintonçu oyun ərzində həm şəxsi, həm də qoşa kateqoriyada yalnız bir dəfə korta çıxa bilər.

Xəbər 979 dəfə oxundu.