Dünya çempionatında Astaralı idmançılar yüksək nəticələr qazanıblar
22-24 noyabr tarixlərində “Sərhədçi” Olimpiya İdman Kompleksində uşaqlar, yeniyetmələr, kişilər, qadınlar və veteranlar arasında Alpaqut Turan döyüş sənəti üzrə II Dünya Çempionatı keçirilib. Çempionatda Azərbaycanla yanaşı 22 ölkənin 500 nəfərə yaxın idmançıları Aypara, Batur, Caymaz, Qurşaq və Kaçut döyüş sistemlərində mübarizə aparıblar.

Çempionatın məqsədi Türk dünyasını tərənnüm edən, Milli döyüş sənəti Alpaqutun dünyada inkişafı, Dünya Alpaqut Federasiyası tərəfindən Azərbaycanın dünyada idman dövləti kimi tanınmağa yönəlmiş dövlət siyasətinə dəstək nümayiş etdirmək, Azərbaycanla dünya ölkələri arasında beynəlxalq idman əlaqələrinin inkişafı, möhkəmlənməsi, məşqçilər və idmançıların idman ustalığının artırılmasından ibarət olub.

Yarışda astaralı idmançılar yüksək nailiyyətlər qazanıblar. Qurşaq sistemi üzrə Musa Hüseynli (85 kq) birinci və Caymaz sistemində Ağadədə Əliyev (85 kq) ikinci yerə layiq görülüb.

İdmançılarımızı yarışa Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzinin vitse prezidenti, VI dan qara kəmər ustası, məşqçi-müəllim Nəzərəli Əliyev hazırlayıb.

28 noyabr 2019-cu il tarixdə Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev idmançılarımızın məşqçisi Nəzərəli Əliyevi qəbul edib, qələbə münasibəti ilə onları təbrik edib və bu möhtəşəm uğurlarının daimi olmasını arzulayıb.

Xəbər 660 dəfə oxundu.