Astaralı idmançılar Bakıda keçirilən II Dünya çempionatında bir qızıl və bir gümüş medal qazanıblar
Astaralı idmançılar Bakıdakı “Sərhədçi” Olimpiya İdman Kompleksində uşaqlar, yeniyetmələr, kişilər, qadınlar və veteranlar arasında alpaqut Turan döyüş sənəti üzrə keçirilən II Dünya çempionatında uğurla çıxış ediblər.

Dünya çempionatında Azərbaycanla yanaşı, 22 ölkədən 500 nəfərə yaxın idmançı alpaqut döyüş sənətinin beş növü - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə mübarizə aparıblar.

Qurşaq sistemi üzrə yarışda astaralı idmançılardan Musa Hüseynli (85 kq) birinci, caymaz sistemində isə Ağadədə Əliyev (85 kq) ikinci yerə layiq görülüblər.

İdmançıları yarışa Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzinin vitse-prezidenti, VI Dan qara kəmər ustası, məşqçi-müəllim Nəzərəli Əliyev hazırlayıb.

Astara Rayon Gənclər və İdman İdarəsində II Dünya çempionatında uğur qazanmış idmançılar və onların məşqçisi ilə görüş keçirilib.

İdarənin rəisi Ərçə Əliyev ölkəmizdə, o cümlədən Astara rayonunda bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində görülmüş işlərdən danışaraq, II Dünya çempionatında yüksək nəticələr qazanmış idmançılara və onların məşqçisinə yeni-yeni qələbə sevincləri arzulayıb.

Xəbər 725 dəfə oxundu.