Azərbaycan ilə Qətər arasında idman sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Futbol Assosiasiyasının (QFA) baş katibi Mənsur Məhəmməd Əl-Ənsari ilə görüşüb.

R.İsmayılov Azərbaycan-Qətər münasibətlərinin dinamik inkişafını qeyd edərək, iki ölkə arasında idman sahəsində geniş əməkdaşlıq imkanlarının mövcudluğunu vurğulayıb. O, Prezident İlham Əliyevin ölkəmizdə idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğıdan danışaraq, Azərbaycanın idman uğurları, habelə ölkəmizdə təşkil olunan mötəbər yarışlar barədə məlumat verib. Son illər Qətərdə idmanın inkişafı istiqamətində atılan addımların təqdirəlayiq olduğunu deyən səfir bu ölkənin 2022-ci il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək hüququ qazanmasının böyük nailiyyət olduğunu bildirib.

Baş katib M.Əl-Ənsari ölkəsinin Azərbaycanla idman sahəsində, xüsusilə futbol üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Səfir R.İsmayılov ölkəmizdə də futbola böyük marağın olduğunu vurğulayaraq, Azərbaycan futbolu və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) barədə məlumat verib. Diplomat daha əvvəl futbol üzrə Azərbaycan və Qətər milli komandalarının iki dəfə qarşılaşdığını bildirib.

Baş katib M.Əl-Ənsari AFFA ilə QFA arasında əməkdaşlığın Azərbaycan-Qətər əlaqələrinin inkişafına və iki ölkənin idman sahəsində işbirliyinin genişləndirilməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

AZƏRTAC

Xəbər 731 dəfə oxundu.